Meymunçiçəyinə qarşı antibiotiklərdən istifadə etmək olmaz - XƏBƏRDARLIQ
Sosial
22.01.2025 16:24
"Meymunçiçəyi virusuna yoluxma halında antibiotiklərdən istifadə olunmamalıdır".
TodayPress xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev virusla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, antibiotiklərdən istifadə yalnız virusa yoluxmada hədsiz ağırlaşma halı baş versə, həkim məsləhəti ilə tətbiq oluna bilər.
“Meymunçiçəyi virus mənşəli xəstəlik olduğu üçün onun müalicəsində antibiotik istifadə olunmamalıdır. Çünki antibiotikdən istifadə sağalma periodunu gecikdirə bilər. Xəstənin ağırlaşma halında tətbiq olunsa belə, bu təkcə həkim göstərişi ilə edilməlidir.
Bu xəstəliyin əsas yoluxma yolu səthi pozulmuş dəri ilə bu xəstəliyi olan insanın təmasıdır. Meymunçiçəyi virusu, əsasən, halsızlıq, limfa vəzilərinin böyüməsi ilə xarakterizə olunan bir xəstəlikdir, fərqli şikayətlərlə özünü göstərə bilər. Əsasən əllərdə, ayaqlarda səpkilərin çıxması ilə müşahidə olunur. Hava damcı yolu, cinsi münasibətlə keçən bir xəstəlikdir. Belə xəstələrdə antibiotik istifadəsi tövsiyə edilmir” deyə o bildirib.
Bundan başqa, mütəxəssis qeyd edib ki, Azərbaycan meymunçiçəyi virusu ilə bağlı endemik risk qrupuna daxil deyil.
tag: Meymunçiçəyi ,Virus,Səhiyyə Nazirliyi,Zakir Quliyev,todaypress.az,