Memar Elbay Qasımzadə: “Paytaxtın dəyişdiriləcəyini düşünmək axmaqlıqdır”
Sosial
19.09.2024 14:20
“Son vaxtlar tez-tez paytaxtın köçürülməsi ilə bağlı fikirlər eşidirəm. İddia edirlər ki, Bakı yüklənib, ağır vəziyyətdədir. Buna görə də paytaxtı Bakıdan köçürmək lazımdır. Bu barədə müxtəlif bir-birinə zidd və məntiqsiz təkliflər irəli sürülür”.
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə bunu TodayPress-ə açıqlamasında deyib.
O, qeyd edib ki, belə iddialarla çıxış edənlər peşəkar və bu sahənin mütəxəssisləri deyillər:
“Biri yazır paytaxtı Ağdama, digəri yazır Xankəndinə köçürmək lazımdır. Ağdama köçürülməsi ilə bağlı fikri səsləndirənlər iddia edirlər ki, paytaxt ölkənin tam ortasında olmalıdır. Maraq üçün deyim ki, hələ indiyə qədər paytaxtı ölkənin tam ortasında olan bir ölkəyə rast gəlməmişəm. Sumqayıt variantını səsləndirənlər də var. Sumqayıt ümumiyyətlə, paytaxt üçün yaramır. Artıq Bakı ilə Sumqayıt bitişib. Əksinə mən düşünürəm ki, 50 ildən sonra Sumqayıt ayrıca bir şəhər kimi mövcud olmayacaq. O Bakının rayonlarından birinə çevriləcək”.
Memarın sözlərinə görə, 1988-ci ildə Bakının əhalisi 1 milyon 200 minə yaxın idi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlı öz yurd-yuvasından didərgin düşdü. Qaçqın və məcburi köçkünlərin əksəriyyəti Bakı, Sumqayıt və Gəncədə yerləşdirildi. Bundan əlavə işlə əlaqədar olaraq bölgələrdən Bakıya böyük axın var. Bütün bu və digər amillər nəticəsində paytaxt əhalisinin sayı 2 milyondan çox oldu. Elbay Qasımzadənin fikrincə buna görə, payaxtı dəyişmək düzgün deyil:
“Mən gəlib oturmuşam paytaxtda, yerimi dar hiss edirəm, ona görə paytaxt dəyişdirilsin” deyə düşünmək sadəcə axmaqlıqdır. Kimsə bu sözü ortaya atıb digərləri də qoşulub ona. Onsuzda belə bir şeyə yol verilməyəcək. Hər kəs öz işi ilə məşğul olmalıdır. Bunu demək üçün heç olmasa iqtisadçı, şəhərsalma üzrə mütəxəssis olmalısan, şəhərin yaranma və inkişafetmə şərtlərini bilməlisən”.
Memar əlavə edib ki, indi Qarabağ bərpa olunur. Yerli əhali ora köçürülməyə başlayıb. Beləcə Bakı bir qədər yükdən azad olacaq. Elbay Qasımzadə hesab edir ki, Bakının bütün problemləri zamanla həll olunacaq, sadəcə səbrli olmaq lazımdır.
Günəş Mərd
tag: Memar, Elbay Qasımzadə ,Bakı, Paytaxt ,Köçürülmə ,Ağdam, Xankəndi, todaypress.az,