“Məişət zorakılığı ilə mübarizə” mövzusunda tədbir keçirildi

Sosial

10.10.2024 13:20

Oktyabrın 10-da vəkillər və hakimlər üçün “Məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda tədbir keçirilib. 

TodayPress-in məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, məişət zorakılığı ilə bağlı cəmiyyətdən gələn çağırışlara açıq olmaq lazımdır. Bu istiqamətdə müraciət etdiyimiz əsas sənəd "Məişət zorakılığı haqqında" qanundur. Qeyd edək ki, artıq məişət zorakılığına dair subyektlərin əhatə dairəsi genişləndirilib. Bundan əlavə, qısamüddətli orderlərin verilməsi prosesi artıb:

“İcra hakimiyyətlərinin yanında fəaliyyət göstərən övladlığa götürmə, qəyyumluq və himayəçilik komissiyası, həmçinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının hər ikisinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb. Layihənin yaxın müddətdə Milli Məclisdə müzakirəsi gözlənilir”.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov isə edilən dəyişikliklər barədə ətraflı məlumat verib. O, bildirib ki, qanuna bir sıra dəyişikliklər edilsə də, mediasiya ilə bağlı məsələ və konkret normanın cinayət məcəlləsinə daxil olması hələ də təşkil olunmayıb. 

“Pulsuz hüququ yardımın təmin olunması müsbət addımdır. Lakin onun miqdarı ilə bağlı hələ də görülməli çox iş var” deyə o, əlavə edib.

Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev isə BMT səviyyəsində və Azərbaycanda qadın zorakılığı ilə bağlı qəbul edilmiş qanunlardan söz açıb. Bildirib ki, təkcə ötən il 600-dən çox zərərçəkmiş şəxs qeydə alınıb. Onlar arasında ən çox göstərici isə 168 nəfərlə Sabunçu rayonu olub. Bu da onu deməyə əsas verir ki, ətraf rayonlarda daha çox maarifləndirici işlər görülməlidir. O, komissiyaların passivliyindən və bu işlə bağlı maraqlı olmamalarından öz narahatlığını dilə gətirib.   

Qeyd edək ki, tədbir məişət zorakılığına dair dövlət orqanlarına edilən  şikayətlərlə bağlı görülməli olan tədbirlər, məişət zorakılığından zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çıxışının təmin edilməsində hakimlərin, vəkillərin vəzifələri və rolu, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ və digər məsələləri əhatə edib.

Rəsmi çıxışlardan sonra vəkillər arasında fikir mübadiləsi aparılıb. 

Tədbir qrup işi və müzakirə sessiyaları ilə davam etdirilib.

Töhfə Səməd

tag: Ailə,Qadın,Bahar Muradova,Komitə,BMT,Zorakılıq,Məişət,todaypress.az,