Məhkəmədə Şuşanın Ermənistan tərəfindən işğalı barədə videomateriallar nümayiş etdirildi
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 28-də davam etdirilib.
TodayPress xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda
təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir
qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını
müdafiə edən prokurorlar iştirak ediblər.
Əvvəlcə Baş
prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli tərəfindən Şuşa
rayonunun Malıbəyli və Quşçular kəndlərinin yandırılmasını, aramsız atəşə
tutulmasını əks etdirən videomaterial nümayiş olunub.
Nümayiş
etdirilən növbəti videomateriallar Şuşa rayonunun Ermənistan silahlı qüvvələri
tərəfindən işğalı barədə olub.
Dəlillərdən
biri Şuşanın işğalı əməliyyatına rəhbərlik etmiş “Komandos” ləqəbli
general-mayor Arkadi Ter-Tadevosyanın işğal prosesi və orada iştirak etmiş
şəxslər barədə çıxışlarının əks olunduğu videomateriallardan hissələr olub.
Videomaterialda, həmçinin Şuşanın işğalına hərtərəfli hazırlıqdan bəhs edilib.
Vurğulanıb ki, Şuşanın işğalına dair plana Vazgen Sarkisyan (Ermənistanın
birinci müdafiə naziri – red.) razılıq verib. Döyüş əmri isə Seyran Ohanyan
tərəfindən hazırlanıb.
“Şuşanın
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi planı çox məxfi şəraitdə
Vazgen Sarkisyan, Arkadi Ter-Tadovasyan, Felek Kızoryan, eləcə də digər
komandirlərin iştirakı ilə hazırlanıb. “Döyüş əmri Seyran Ohanyan tərəfindən
hazırlanmışdı”, - deyə kadrlarda bildirilir. Vurğulanıb ki, əslində, əməliyyat
aprelin 24-də keçirilməli imiş. Lakin silah təminatı və digər səbəblərdən bu,
təxirə salınıb.
Dövlət
ittihamını müdafiə edən prokurorlar deyiblər ki, tədqiq olunan bu və digər
faktlar Şuşanın işğalına Ermənistan siyasi-hərbi rəhbərliyinin göstəriş
verdiyini sübuta yetirir.
Məhkəmədə
nümayiş olunan digər videomateriallarda dörd istiqamət üzrə Şuşanın işğalına
rəhbərlik edən şəxslərin - Samvel Babayan, Seyran Ohanyan, Valeri Çiçyan, Arkadi
Karapetyanın adları çəkilir. Ermənilərin hazırladıqları videomaterialda
vurğulanır ki, hücum əməliyyatının məqsədi işğalla yanaşı, həm də Şuşanın
“yeriyən həşəratlardan təmizlənməsi” olub (azərbaycanlılar nəzərdə tutulub).
Ardınca
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Şuşa rayonunun işğalı ilə bağlı
qeydlərinin yer aldığı videomaterial tədqiq edilib.
S.Sarkisyan
Şuşa əməliyyatının əhəmiyyətinin çox böyük olduğunu bildirərək deyib: “Bu
əməliyyatın əhəmiyyəti o qədər böyük idi ki, orada Robert Köçəryan özü iştirak
edirdi”.
Məhkəmədə
Ermənistan silahlı qüvvələrinin general-polkovniki, ovaxtkı baş qərargah rəisi
Qurgen Dalibaltayanın (1926-2015) çıxışları yer almış videomaterial da nümayiş
etdirilib.
Q.Dalibaltayan
bildirib ki, Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında və həyata
keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan (Ermənistanın keçmiş
prezidentləri – red.) iştirak ediblər. O vurğulayıb ki, Şuşanın işğalı
edilməsinin əhəmiyyəti çox böyük idi.
Videomateriallarda
qeyd edilib ki, Şuşaya hücum əməliyyatında Q.Dalibaltayanın çox böyük rolu
olub.
Bundan sonra
təqdirləndirilən şəxslərin bəzilərinə nümayiş olunan videomateriallarla bağlı
dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri
və müdafiəçilər tərəfindən suallar verilib.
Təqsirləndirilən
Arkadi Qukasyan Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına
cavabda deyib ki, 1990-cı ilədək “Sovet Qarabağı” qəzetində işləyib. 1992-ci
ilin sonunda qondarma rejimin “baş nazirinin” siyasi məsələlər üzrə “müşaviri”
təyin olunub.
O, dövlət
ittihamçısı Vüsal Abdullayevin sualına cavabında Şuşanın işğalı zamanı
azərbaycanlılara qarşı törədilən vəhşilklərdən xəbərsiz olduğunu söyləyib.
Arkadi Qukasyan
dövlət ittihamçısı Fuad Musayevin “Ermənistanın müdafiə naziri Vazgen
Sarkisyanın 1999-cu ildə qondarma rejimin “qəhrəmanı” medalı ilə təltif
edilməsi sizin tərəfinizdən olub?” sualına “Bəli” cavabını verib. O, həmçinin
Vazgen Sarkisyanı da qondama rejimin “Qızıl qartal” ordeni ilə təltif etdiyini
bildirib. “Bu, hansı məqsədlə edilmişdi” sualına cavabda isə deyib ki, həmin
vaxt qondarma rejimin təhlükəsizliyini Ermənistan öz üzərinə götürmüşdü. O,
Şuşanın işğalı zamanı Ermənistanın baş qərargah rəisi olmuş Qurgen
Dalibaltayanı da sonradan “Döyüş ordeni” ilə təltif etdiyini diqqətə çatdırıb.
Bundan sonra
iclasda Şuşanın işğalından sonra çəkilən və Arkadi Qukasyanın da olduğu foto
nümayiş etdirilib.
Təqsirləndirilən
şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında həmin fotonun
Şuşanın işğalından sonra oraya səfər edərkən çəkildiyini, fotoda yanında
dayanmış şəxslərin Zori Balayan və Oleq Yesayan olduğunu bildirib.
Bundan sonra
A.Qukasyan Vazgen Sarkisyana qondarma rejimin “qəhrəmanı” medalının verilməsi
barədə “sərəncam” imzaladığını qeyd edib və deyib: “O, Ermənistanın müdafiə
naziri idi”.
O, Azərbaycan
ərazilərinin işğalında iştirak etmiş Seyran Ohanyana, Valeri Çitçyana və
digərlərinə də müxtəlif “orden” və “medal”lar verdiyini etiraf edib.
Daha sonra
təqdirləndirilən şəxs Bako Sahakyan Baş Prokurorluğun Dövlət ittihamının
müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırıb.
O, Vilen Mikaeliyanın rəhbəri olduğu dəstənin Şuşanın işğalında iştirak
etdiyini, özünün də həmin dəstədə olduğunu etiraf edərək vurğulayıb: “Bu, şərq
istiqaməti idi. Mən bilirəm ki, həmin istiqamətin komandiri Arkadi Karapetyan
idi”.
O, həmin vaxt
sərəncamında AKM markalı avtomat olduğunu, lakin heç kimə atəş açmadığını
deyib.
B.Sahakyan
Şuşanın işğal olunması əməliyyatına rəhbərliyi Vazgen Sarkisyan, Arkadi
Ter-Tadevosyan, Seyran Ohanyan və digərlərinin etdiyini deyib və bildirib.
“Onlar özləri dəfələrlə deyiblər ki, Şuşa əməliyyatında kimlər və necə iştirak
edib. Mən ona görə deyirəm ki, burada məxfi hissə yoxdur. Onların hətta böyük
hissəsi mətbuatın məhsullarına öz etirazlarını bildirirdilər ki, Şuşadakı
fəaliyyətləri tamamilə əks olunmayıb. Həmin dövrdə mən onlardan hansısa biri
ilə tanış ola bilməzdim. Amma əvvəldə dediyim kimi, sonradan onların hər biri
ilə tanış olmuşam”.
O, həmçinin
A.Ter-Tadevosyanın fəaliyyətini yüksək qiymətləndirdiyini, ona qondarma rejimin
“qəhrəmanı” adını verdiyini bildirib.
Məhkəmənin
növbəti iclası mayın 1-nə təyin olunub.
Qeyd edək ki,
Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi
qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və
iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları,
maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və
beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək
məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati,
Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki,
Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan
Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə
və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar
birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı
cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs
ittiham edilir.
Həmin şəxslər,
yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako
Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi,
Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki,
Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni
planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən
istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi
köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112
(beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114
(muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı
münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214
(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik
(təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,
döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan
əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə),
278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya
quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan
silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.
tag: Şuşa,Erməniəsilli, Vardaryan, Azərbaycan, Məhkəmə, Terror, Araik, todaypress.az,