"Maneələri aşmaq və dəyişikliyə yol açmaq" adlı tədbir keçirildi

Sosial

07.03.2025 13:34

1129

Mart 7-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Belçika Krallığının Azərbaycandakı Səfirliyi və Gənc Avropa Səfirləri Beynəlxalq Qadınlar Gününü qeyd etmək məqsədilə “Güclü qadın, güclü cəmiyyət” şüarı altında yeni kampaniya çərçivəsində "Maneələri aşmaq və dəyişikliyə yol açmaq" adlı tədbir təşkil ediblər.   

TodayPress xəbər verir ki, kampaniyanın məqsədi gender bərabərliyi və gender pariteti istiqamətində beynəlxalq səviyyədə əldə olunmuş irəliləyiş barədə məlumatlılığı artırmaqdır. 

Əlilliyi olan şəxslərin çalışdığı sosial baxımdan inklüziv məkan olan “Kaşalata” kafesində keçirilən bu dinamik tədbirdə diplomatiya, STEM və incəsənət sahələrində qadınların dayanıqlılığı, liderliyi və cəmiyyətə təsiri vurğulanıb.

Tədbir diplomatik ictimaiyyətlə Azərbaycan gəncləri arasında mənalı dialoq üçün ruhlandırıcı və gücləndirici atmosfer yaradıb.

Məzmunlu panel müzakirəsi vasitəsilə diplomatlar, sənaye ekspertləri və rəssamlar də daxil olmaqla, görkəmli qadın liderlər çətinliklərin öhdəsindən gəlmək, stereotipləri qırmaq və daha inklüziv gələcək formalaşdırmaqla bağlı təcrübələrini bölüşüblər.

Salamlama nitqi ilə çıxış edən Aİ-nin Azərbaycandakı Səfiri cənab Peter Michalko bildirib ki, Avropa İttifaqı uzun illərdir gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması səylərini yüksək səviyyədə dəstəkləyir.   

Müxtəlif sahələri təmsil edən gənclərin iştirak etdiyi bu tədbir sektorlar arasında mübadilə imkanları yaradıb, gələcək nəsli ruhlandırıb, habelə təmsilçilik və inklüzivliyin əhəmiyyətini gücləndirib.

Tədbirdə, həmçinin “Diplomatiyada Qadınlar – Liderlik, təmsilçilik və beynəlxalq münasibətlərdə dəyişikliklərə təsir etmək”, “STEM sahəsində qadınlar - texnologiya və elmdə innovasiya, inklüzivlik və maneələrin qırılması”, “İncəsənətdə Qadınlar – Mədəniyyət sektorunda qadınların yaradıcı fikirləri, üzləşdikləri çətinliklər və cəmiyyətdə təsiri” kimi mövzular müzakirə olunub. 

Tədbirdə təşkilatçılar qadınların cəmiyyətdəki təsirini qeyd edib, mənalı müzakirələri təşviq ediblər. Daha inklüziv və müsbət gələcəyin yaradılmasında qadınların oynadıqları rol nümayiş olunub. 

Töhfə Səməd

tag: Avropa İttifaqı,Qadın,Gender,STEAM,Todaypress.az,