“Manatlıq” taksilər tarixə qovuşur – RƏSMİ AÇIQLAMA
Sosial
31.05.2024 15:20
İyulun 1-dən Nazirlər Kabinetinin taksi minik avtomobilinə dair qəbul etdiyi yeni qaydaların tətbiqinə başlanılacaq.
Sərnişinləri hələ də şəhər mərkəzindən ətraf qəsəbələrə taksi fəaliyyəti həyata keçirən “manatlıq” taksiləri ilə bağlı bir sıra suallar maraqlandırır. Həmin taksilərin aqibəti necə olacaq? Bu taksilərdən də yeni qaydalara əməl etmək tələb olunacaq və s...?
TodayPress mövzu ilə bağlı araşdırma aparıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, "manatlıq" taksi fəaliyyəti ilə məşğul olan sürücülər də taksi minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirmək istəyən digər hüquqi və fiziki şəxslər kimi AYNA-ya elektron qaydada müraciət edərək buraxılış vəsiqəsi və buraxılış kartı almalıdırlar. Agentlikdən o da qeyd olunub ki, istehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri kimi istifadə edilə bilməz. Bundan başqa:
" Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-nə qədər AYNA-ya müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər. 2024-cü ilin iyul ayının 1-dən sonra buraxılış kartı almaq üçün təqdim edilən avtomobillər isə buraxılış ilindən 8 il keçməyən nəqliyyat vasitələri olmalıdır".
Qaydaların tətbiqi digər taksilər kimi "manatlıq" taksilərin də sayının azalmasına səbəb olacaq. Bəs bu azalma sözügedən taksilərin qiymətlərinə necə təsir göstərəcək?
Nəqliyyar üzrə ekspert Yasin Qarayev isə bu barədə TodayPress-ə danışarkən bildirib ki, hazırda taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrinin, eləcə də "manatlıq" taksilərin çoxu köhnədir və yeni qoyulan tələblərə cavab vermir:
"Bu səbəbdən yeni qaydalar tətbiqinə başlanıldıqda taksilər sayı azalacaq. Bu da onların qiymətlərinə təsir göstərəcək. Belə ki, "manatlıq" taksilər artıq 1 manat 50 qəpik və ya 2 manat olacaq. Belə qiymət artımı olduqca gözləniləndir".
Ekspertin sözlərinə görə, "manatlıq" taksilərdən də yeni tələblərə cavab verməyin tələb olunması düzgün addımdır:
"Bəlli bir istiqamət üzrə hərəkət etməsinə baxmayaraq, onlar da sərnişin daşıyır, vətəndaşa xidmət göstərirlər. Onların da komfortu, təhlükəsizlik sistemi tələb olunan səviyyədə olmalıdır. Bu mövzuda ayrıseçkilik yolverilməzdir".
Günəş Mərd
tag: İctimai, Taksi, Sosial, Cəmiyyət, todaypress.az,