Magistratura imtahanının nəticələri açıqlandı
Sosial
02.07.2024 20:24
DİM-dən TodayPress-ə verilən məlumata görə, Dövlət
İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin
magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin
internet saytında yerləşdirib.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı
mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma
seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə
bilərlər.
Qəbul olunanların siyahısı sabah günün birinci
yarısında “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma
seçimində iştirak edən 15660 bakalavrdan 13494 nəfəri ali təhsil müəssisələrinin
magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5996 nəfər dövlət sifarişi,
7488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9694 nəfər ali təhsil müəssisələrinin cari,
3790 nəfər isə əvvəlki illərin məzunudur.
Magistraturaya qəbul olmuş şəxslər 9 – 18 iyul
tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış
kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili
müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların
siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı
DİM tərəfindən elan olunacaq.
tag: DİM, Magistratura, İmtahan, Bakalavr, todaypress.az,