Layihə rəhbəri: “Festivala 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb”
Sosial
24.10.2024 12:00
"Builki festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ da daxil olmaqla 15 ölkəni təmsil edir".
TodayPress xəbər verir ki, bunu STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov Bakı Ekspo Mərkəzində baş tutan Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimində deyib.
Layihə rəhbəri məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilmə prosesində Danimarka, Slovakiya, Kanada və Türkiyə daxil olmaqla, ümumilikdə 10 müxtəlif ölkədən 17 münsifin iştirak etdiyini bildirib.
İqrar Nəzərovun sözlərinə görə, festival çərçivəsində 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunacaq ki, onlar da “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma” “Hidrogen maşınların yarışı”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və s. kimi mövzuları əhatə edəcək.
İqrar Nəzərov STEAM layihəsinin hazırda ölkə üzrə 398 məktəb və 252 min 711 şagirdi əhatə etdiyini, 20-dən çox STEAM Mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb.
Qeyd edib ki, layihə üzrə şagird sayının 2026-cı ilə kimi 300 minə çatdırılması nəzərdə tutulur.
Günəş Mərd
tag: STEAM, STEAM, Festival, Layihə,ABŞ, todaypress.az,