Koreyadan Azərbaycana tibbi avadanlıqlar ianə edildi - FOTOLAR

Sosial

15.10.2024 12:12

1599

"Cənubi Koreyadan Azərbaycana 500 min dollar dəyərində tibbi avadanlıqlar ianə edilib”.

TodayPress xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib. Onun sözlərinə görə ki, bu cür layihələr ölkəmizin səhiyyə sisteminin inkişafına mühüm töhfə verir: 

“Layihənin əsas məqsədi ölkəmizdə tibbi xidmətlərin həm əlçatanlığını, həm də keyfiyyətini artırmaqdır. Bu avadanlıqlar icbari tibbi sığorta ilə bölgə əhalisinin keyfiyyətli və müasir tibbi xidmətlərə çıxışını təmin edəcək”.

Layihə Agentlik ilə Koreya Hökuməti arasında davam edən səmərəli və uzunmüddətli əməkdaşlığın bir hissəsidir. 

"Ürək-damar xəstəliklərinin müalicəsi üçün tibb mərkəzlərinin ən müasir tibbi avadanlıqlarla təmin edilməsi zəruridir. Bu səbəbdən də səfirliyimiz ürək-damar xəstəlikləri ilə bağlı Azərbaycan vətəndaşlarının təhlükəsiz və səmərəli tibbi xidmətlər ala bilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əl-ələ verərək bu ilki kiçik həcmli inkişafa rəsmi yardım layihəsini həyata keçirir" deyə Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq çıxışında bildirib.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov isə vurğulayıb ki, bu əməkdaşlıq, səhiyyə sistemimizin davamlı inkişafına və vətəndaşlarımızın sağlamlığının qorunmasına mühüm töhfələr verməkdədir.

Qeyd edək ki, ianə edilmiş avadanlıqlara defibrilyator, anesteziya aparatı, süni tənəffüs cihazı, xəstə monitoru, əməliyyat lampası, əməliyyat masası, elektrocərrahiyyə aparatı, cərrahi aspirasiya aparatı, alət dəsti, infuziya sistemi daxildir. Əlavə olaraq, reanimasiya şöbəsi üçün reanimasiya çarpayıları, xəstə monitoru, reanimasiya ventilyatoru, defibrilyator, aspirasiya aparatı, pediatriya üçün ultrasəs cihazı təqdim edilib. Reanimasiya və intensiv terapiya bölmələrində istifadə ediləcək avadanlıqlar ölüm riski yüksək olan pasiyentlərin müalicəsi üçün mühüm əhəmiyyət daşıyır. 

Günəş Mərd

tag: TƏBİB, Koreya ,Azərbaycan ,İanə ,Layihə ,Zaur Əliyev ,Cənubi Koreya ,todaypress.az,

photo
photo
photo
photo