Kibertəhlükəsizlik üzrə mütəxəssislərə AYNA-da mövcud iş imkanları barədə məlumat verildi

Sosial

31.01.2025 16:04

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) dördüncü buraxılışının məzunları ilə görüşüblər. 

TodayPress xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib. 

Bildirilib ki, karyera günü çərçivəsində keçirilən “Career Day” sərgisində məzunlara AYNA-da mövcud iş imkanları barədə ətraflı məlumat çatdırılıb. Onlara karyera inkişafı, şəxsi və peşəkar bacarıqların artırılması istiqamətində tövsiyələr verilib. Bildirilib ki, belə tədbirlər gənclərin əmək bazarına inteqrasiyasını sürətləndirir, onların bilik və bacarıqlarını artıraraq daha uğurlu karyera qurmalarına dəstək olur. 

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrailin “Technion” Texnologiya İnstitutu birgə təsis edib. AKM ölkədə kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssislərin hazırlanması məqsədilə yaradılıb və üç il ərzində 1000-ə yaxın şəxsin bu sahədə təlim alması nəzərdə tutulub. Mərkəzin artıq 240 məzunu var və onlar həm dövlət, həm də özəl sektorda kibertəhlükəsizlik üzrə müxtəlif vəzifələrdə çalışaraq ölkəmizdə bu sahənin inkişafına töhfə verirlər. 

tag: AYNA,AKM,Karyera günü,Technion,todaypress.az,