İşğaldan azad olunmuş ərazilərə növbəti reys üçün biletlər satışa çıxarılacaq
Sosial
31.01.2025 15:14
İşğaldan azad olunmuş ərazilərə təşkil edilən müntəzəm avtobus reyslərinə fevral ayı üçün biletlər 1 fevral 2025-ci il saat 11:00-da satışa çıxarılacaq.
TodayPress xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Belə ki, Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşlar www.yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər.
Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə isə biletlər onlayn qaydada https://biletim.az/ portalı üzərindən əldə edilir.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 1883 reys həyata keçirilib, 42378 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
tag: Qarabağ,Şuşa,Səfər,AYNA,Ağdam,todaypress.az,