İntizam pozuntularına görə 4 vəkilə xəbərdarlıq edildi
Mart ayının 13-də Azərbaycan Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə TodayPress-ə
ARVK-dən məlumat verilib. Sədr Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti
barədə məlumat verib.
İclas
gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını, icbari
təlimi, habelə ixtisas imtahanının şifahi müsahibə mərhələsini uğurla başa
vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib, onlara vəsiqə təqdim
edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Eyni zamanda,
iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, vəkillik fəaliyyətinə
öz arzusu ilə xitam verilməsi və müəyyən müddətdə üzvlük haqqından azad
olunması ilə bağlı müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.
Bundan başqa,
“Vəkillər Kollegiyasının “Konstitusiya və Suverenlik İli” çərçivəsində
Tədbirlər Planı” təsdiq edilib, o cümlədən “Vəkillik fəaliyyəti” adlı kitabın
müzakirəsi və dərslik kimi təsdiq edilməsi məsələsinə baxılaraq müvafiq qərar
qəbul edilib.
İclasda “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyinin verilməsi ilə bağlı ADA Universiteti və Bakı Dövlət Universitetinin Hüquq fakültələrinin müraciətlərinə baxılıb. Müvafiq maliyyə dəstəyin göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.
Sonra iclasda
“Hüquq mühafizə orqanları və vəkil peşələri arasında etik məsələlər üzrə
əməkdaşlığa dair” işçi qrupunun yaradılması və vəkil üzvlərinin təyin edilməsi
ilə bağlı Deontologiya Komitəsindən daxil olan müraciətə baxılıb. Rəyasət
Heyəti tərəfindən “Hüquq mühafizə orqanları ilə etik davranış qaydaları üzrə
əməkdaşlığa dair” və “Məhkəmə orqanları ilə etik davranış qaydaları üzrə
əməkdaşlığa dair” işçi qruplarının yaradılması qərara alınıb.
Rəyasət Heyəti
tərəfindən yol verdikləri intizam pozuntularına görə 4 vəkilə xəbərdarlıq
edilib, 2 vəkilə isə töhmət verilib.
tag: Vəkil, Xəbərdarlıq, Kollegiya, İclas, Anar Bağırov, todaypress.az,