İftar üçün fərqli məkanlar və qiymətlər: Orucumuzu harada aça bilərik? – ARAŞDIRMA

Sosial

07.03.2025 16:35

1144

Bakı və digər ərazilərdə restoranlar Ramazan ayına uyğun olaraq müxtəlif menyular təqdim edirlər. 

TodayPress bir neçə restoranın iftar menyularının qiymətləri ilə maraqlanıb. 

Paytaxtın məşhur restoranlarından olan “Günaydın”da bir nəfər üçün iftar menyusunun qiyməti 90 manatdır. Ramazan menyusuna başlanğıc, əsas, ara yeməklər, şirniyyat və içkilər daxildir. Setin tərkibi gündəlik olaraq dəyişir.     

Dəniz və gözəl mənzərə izləyərək iftar etmək istəyənlər "Sahil Restaurant"a üz tuta bilərlər. Burada bir nəfər üçün setin qiyməti 40 manatdır. Seçimlərə görə, qiymətdə dəyişiklik ola bilər. Menyuda Ramazan süfrəsinin ənənəvi yeməkləri, şirniyyat və içkilər var.   

Fəvvarələr meydanında yerləşən "Mandarin" restoranında bir nəfər üçün iftar menyusunun qiyməti 35 manatdır. Menyuda şorbalar, salatlar, isti yeməklər, məzələr, şirniyyat və içkilər yer alır.   

“Özsüt Baku” restoranı 31, 34 və 38 manata 3 fərqli iftar menyusu təklif edir. Menyuya ana yemək, şorba, salat, məzələr, meyvə şirəsi və ya ayran, çay ilə şirniyyat daxildir. Yeməkləri seçmək mümkündür. Xurma və su ikram edilir.   

İçərişəhərdə yerləşən “Bürc Qala” restoranında menyunun qiyməti bir nəfər üçün 26, iki nəfər üçün 48 manatdır. Əlavə olaraq 4 manat 80 qəpik servis haqqı nəzərdə tutulur. İftar setinə isti yeməklər, şorbalar, salatlar, məzələr daxildir. Süfrəyə sonda çay, dessert və meyvə qoyulur. 

30 manat ödəməklə “Biz-Bizə”də orucunuzu aça bilərsiniz. Digər restoranlarda olduğu kimi, burada da menyuya şorba, isti-soyuq yemək, içki və desert daxildir. Set bir nəfər üçün nəzərdə tutulub. 

Açıq bufet şəklində yeməklərini təqdim edən “TAVADA” restoranında bir nəfər üçün iftar menyusu 28 manata təklif olunur.   

“Buta Baku”da 19 manat 90 qəpiyə iftar menyusundan yararlana bilərsiniz. Burada xurma, su, çörək, çay əlavə ikram edilir. Setə şorbalar, salatlar, əsas yeməklər və içkilər daxildir.

Limitsiz yemək və içki təklif edən “Nana” restoranında bir nəfər üçün iftar menyusunun qiyməti 20 manatdır.   

“La Terrace” iftar menyusunu 19 manat 50 qəpiyə təqdim edir. Servis haqqı 10 %-dir. Təmiz havada orucunu açmaq istəyənlər məkanın açıq zonasından da yararlana bilərlər.   

Qiymətlərdən bu nəticəyə gəlmək olur ki, oruc tutanlar cibinə və zövqünə uyğun müxtəlif məkanlarda iftar edə bilərlər. Allah orucunuzu qəbul etsin! 

Türkan İsgəndərli

tag: İftar,Restoran,Qiymət,Ramazan, Bayram, Gün ,todaypress.az,