Hökumə Əliyevanın atasının müraciəti ilə cinayət işi başlanıldı

Sosial

18.01.2025 12:10

Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb. 

Bu barədə TodayPress-ə DİN Mətbuat Xidmətindən bildirilib. 

Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

“Kapital Bank”dan isə bildirib ki, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinin dələduzluqla üzləşməsi ilə bağlı araşdırma başlanılıb:

"Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək”. 

Qeyd edək ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev ailənin bank kartından 80 min manat oğurlandığını bildirib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.  Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. 

Dövlət başçısı eyni zamanda qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib. 

Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 min manat, həlak olanların hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsinə qərar verilib.


tag: Milli Qəhrəman ,Hökumə Əliyeva,Kart,Oğurluq,DİN,Vəsait,Todaypress.az,