Göyçayda zəhərlənən tələbə qızlarla bağlı RƏSMİ AÇIQLAMA

Sosial

22.01.2025 11:27

“21 yanvar 2025-ci il saat 13:00 radələrində 4 nəfər zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib”.

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, aparılan müayinələr nəticəsində onlara dəqiqləşdirilməmiş qastrit diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyentlər ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, ilkin iddialara əsasən onlar mağazadan aldıqları tort və evdə hazırladıqları salata görə zəhərləniblər. Lakin məhsulların hansı mağazadan aldığı qeyd olunmayıb.  

Məsələ ilə bağlı Azərbaycan  Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən bildirildi ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb. 

Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.


Töhfə Səməd

tag: Zəhərlənmə, AQTA, TƏBİB, Hadisə, Sosial,todaypress.az,