Frilans yoxsa daimi iş?: Hansını seçməliyik? – ARAŞDIRMA

Sosial

12.03.2025 18:40

3024

“Freelance” (frilans) anlayışının leksikonumuza nisbətən yeni daxil olmasına baxmayaraq, tədricən populyarlığını artırmağa başlayıb. Xüsusilə də pandemiya dövründən başlayaraq aktiv şəkildə istifadə edilir.   

Frilans işləyənlərin əksəriyyətini yaradıcı peşə sahibləri, informasiya texnologiyaları (İT) və reklam sahələrinin nümayəndələri təşkil edir. Son zamanlarda isə mühəndislər, jurnalistlər, menecerlər və məsləhətçilər də bu sıralara qoşulublar. Daha çox Amerika, Kanada, Yaponiya, Çin, İngiltərə, Avstraliya, Almaniya və Fransa kimi ölkələrdə müraciət olunun bu iş tərzi Azərbaycanda da sürətlə yayılır. 

Maraqlıdır belə olan təqdirdə frilans iş rejimi ənənəvi modeli dəyişdirə və ya tamamilə sıxışdırıb çıxara bilər?   

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bu barədə TodayPress-ə danışarkən bildirib ki, hazırda Azərbaycan qanunvericiliyində məsafədən və ya frilans çalışmaq anlayışı öz təsdiqini tapmayıb. Bunun üçün ilk növbədə qanunvericiliyə bu anlayışların daxil edilməsi və müvafiq tənzimləmələrin nəzərdə tutulması lazımdır.   

"Müasir texnologiya dövründə yaşayırıq. Bütün proseslər sürətlə inkişaf edir, eləcə də əmək bazarının tendensiyaları dəyişir. Buna görə də biz, əmək bazarının tələblərinə uğunlaşmalıyıq. Buna nəzərən əlbəttə ki, frilans iş rejimi ənənəvi modeli dəyişdirəcək. Amma hansı nisbətdə dəyişdirəcək? Bunu zaman göstərəcək". 

Ekspertin qənaətincə, şirkətlər müəyyən qədər ənənəvi iş modelindən frilans iş anlayışına keçəcək. Lakin köhnə sistemin tamamilə sıxışdırılıb çıxarılmasından söz gedə bilməz. Çünki bəzi sahələr var ki, o sahələr üzrə birbaşa ofisdən çalışmaq mütləqdir. 

Qeyd edək ki, tibb, təhlükəsizlik, xidmət sektoru, inşaat və fiziki əmək tələb edən peşələrdə məsafədən çalışmaq hazırda qeyri-mümkündür. Buna görə də həmin sahələr üzrə ənənəvi sistem öz çəkisini qoruyub saxlayır.

Nüsrət Xəlilov da bu fikirlə razılaşaraq bildirib ki, bu kimi peşələri çıxmaq şərtilə yaradıcı sahələrdə frilans çalışmaq məhsuldarlığa, işçinin iş keyfiyyətinə müsbət təsir göstərir. 

"Məsələn, əməkdaş gedib kofeşopda əyləşib həmin günkü iş planını yerinə yetirdikdə, ofisə gəlmək, uzun məsafələr qət etmək məcburiyyətində qalmır. Əlbəttə ki, bu, işin keyfiyyətinə təsir göstərən amildir" deyə o əlavə edib. 

Frilans işin mənfi tərəfləri hansılardır? 

Bu iş rejimində işləmə saatlarını şəxsin özünün seçməsi müsbət qəbul edilsə də, düzgün qrafik qurulmadığı halda uğursuzıuq qaçınılmazdır. Bundan başqa, icazə kimi anlayışlar qismən də olsa, təxirə salınır. Çünki bir çox işəgötürən işçinin ev şəraitində olduğuna görə, icazəyə ehtiyac duyulmadığı qənaətinə gəlir. Ona görə də əməkdaşlar arasında bu məsələyə görə narazılıqlar artır. 

Həmçinin frilans fəaliyyət göstərən işçilərin əksəriyyəti evdən çalışmağa üstünlük verdikləri üçün diqqətlərinin yayınması kimi hallar da baş verə bilər. 

Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, frilans çalışmaq məsuliyyət tələb edir. 

İnsanlar niyə ənənəvi iş mühitindən uzaqlaşmağa çalışırlar?     

Araşdırmalar göstərir ki, bir otaqda, eyni, dəyişməyən mühitdə çalışmaq bir müddətdən sonra işçilərin motivasiyasını aşağı salır. Şirkətlərdəki kollektivlərin yaşı, maraqları və vərdişləri olduqca fərqli ola bilər. Məsələn, bir işçi çox danışandır, o biri sakitlik sevir və s. bu kimi hallara uyğunlaşmaq heç də hər kəs üçün asan deyil. Belə olan təqdirdə insanlara frilans çalışmaq daha rahat gəlir. 

Lakin bütün hallarda hər iki sahənin müsbət və mənfi tərəfləri nəzərə alınmalı, ona əsasən qərar verilməlidir. İnsan resursları üzrə ekspert İlkin Məcidov isə hesab edir ki, şirkətlər bütün ehtimalları nəzərə almalıdırlar: 

"Məsələn, əgər rəhbər şəxslər iş mühitində gərginlik və ya geriyə inkişaf hiss edirsə, o zaman 1 həftə məsafədən, 1 həftə ənənəvi formatda çalışmağı təklif edib, sınaya bilərlər. Bu zaman hansı işçinin frilans, hansı işçinin isə ənənəvi daha məhsuldar olduğuna qərar vermək və buna əsasən iş yükünü paylamaq daha rahat olar". 

Töhfə Səməd

tag: Nüsrət Xəlilov,Ekspert,Frilans,Daimi İş,Todaypress.az,

photo