FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Sosial
25.07.2024 01:30
Fövqəladə Hallar Nazirliyi
(FHN) qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
TodayPress xəbər verir
ki, müraciətdə ölkə vətəndaşları qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti
ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırılır.
Belə ki, sel və daşqından
qorunmaq üçün xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan, habelə həmin bölgələrə
səfər edən vətəndaşların diqqətli olmaları, sel və daşqın təhlükəli ərazilərdən
uzaq durmaları, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə
qalxmaları tövsiyə olunur.
İldırımla bağlı təhlükələrdən
qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə,
mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım
ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında
daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə
hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə
edilir.
Bundan əlavə, güclü külək zamanı
yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən
uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında
dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların
söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi
qaydalarına ciddi riayət edilməlidir.
Qeyd edək ki, Milli
Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan
qeyri-sabit hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi gözlənilir.
Belə ki, daxil olan məlumatlara əsasən, bəzi dağ çaylarında suyun səviyyəsi kəskin artaraq sel və daşqın keçib və proses ayrı-ayrı yerlərdə davam etməkdədir. Lakin hava şəraiti ilə əlaqədar bu saatadək hər hansı ciddi fəsad qeydə alınmayıb.
tag: FHN, Hava , Milli Hidrometeorologiya Xidməti,İldırım , todaypress.az,