FHN kiçikhəcmli gəmilərə mediatur təşkil etdi

Sosial

25.04.2025 11:48

4

Fövqəladə Hallar Nazirliyi tərəfindən kiçikhəcmli gəmilərə texniki nəzarət tədbirləri ilə bağlı mediatur təşkil edilib.

Bu barədə TodayPress-ə FHN-dən məlumat verilib.

Mediatur zamanı media subyektlərinin nümayəndələri Xəzər dənizinin Abşeron rayonu, Novxanı qəsəbəsindəki sahilində FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən kiçikhəcmli gəmilərə texniki baxış prosesi ilə tanış olublar.

Texniki baxışla bağlı media mənsublarına bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən illik texniki baxış cədvəlinə uyğun olaraq kiçikhəcmli gəmilərə texniki baxış keçirilir.

Tədbirin keçirilməsində əsas məqsəd kiçikhəcmli gəmilərin üzmə vəziyyətinin qiymətləndirilməsidir. Belə ki, baxış zamanı gəmilərin gövdəsi, mühərriklərin işləmə prinsipi, sükan qurğusu, manevr elementləri, həmçinin yangından mühafizə və xilasetmə avadanlıqları yoxlanılır.

Həmin su nəqliyyatı vasitələrini qeyd olunmuş tələblərə uyğun texniki baxışa təqdim etmiş kiçikhəcmli gəmi isifadəçilərinə üzməyə yararlılıq barədə texniki talon təqdim edilir.

Qeyd edək ki, cari ilin ötən dövrü ərzində Xidmətə texniki baxışın keçirilməsi üçün 797 kiçikhəcmli gəmi istifadəçisi tərəfindən müraciət daxil olub. Texniki baxış nəticəsində norma və tələblərə cavab verən 768 su nəqliyyatı vasitəsinin (qayığın) sahibinə üzməyə icazə verən texniki talon təqdim olunub.

Tələblərə cavab verməyən 29 qayığın isə istismarına qadağa qoyularaq istismara yararsızlıq barədə akt tərtib edilib. Hazırda FHN tərəfindən kiçikhəcmli gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi davam etdirilir.

Dövlət qeydiyyatına alınmadan, texniki baxışdan keçmədən və xüsusən mühərrikli kiçikhəcmli gəmiləri idarə etmək hüququ üçün sürücülük vəsiqəsi olmadan həmin nəqliyyat vasutələrinin istismarı qanunvericiliklə qadağandır.

Bu hal inzibati məsuliyyət yaratdığından, bu kimi hallar aşkar olunduqda Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən sözügedən gəmi istifadəçiləri barəsində inzibati protokollar tərtib edilir.

Texniki baxış yekunlaşdıqdan sonra sözügedən nəqliyyat vasitələrinin sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları, sözügedən gəmilərin təchizat avadanlıqlarının norma və tələbləri ilə bağlı bir daha maarifləndiriliblər.

tag: FHN,Mediatur,Gəmi,Tədbir,Todaypress.az,

photo
photo
photo
photo
photo
photo