FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Fövqəladə Hallar Nazirliyi kəskin hava
şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
TodayPress xəbər verir ki, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına
görə, hazırda ölkə ərazisində müşahidə edilən qeyri-sabit və yağıntılı hava
şəraiti martın 2-dək davam edəcək.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə
təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə
çağırır.
Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik
qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu
cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin
vacibliyini bir daha diqqətə çatdırırıq. Nasaz, qeyri-standart və ya kustar
üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi
həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar
nəzarətsiz qoyulmamalıdır.
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə
də dağlara səfər edən insanlara şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış
məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti
barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı tövsiyə edirik. Hərəkət
avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və
kifayət qədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olan
yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına
qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.
Bununla yanaşı, yolların buz bağlaması hallarında
piyadalar ayaqqabını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən,
ayaqqabını yerə bütövlükdə basaraq hərəkət etməlidirlər. Buzlu yolda
sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun, yıxıldığınız halda isə
qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun. Yaşlı insanların rezin
ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi
tövsiyə olunur.
Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və
müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik
dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar
yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın
təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".
tag: FHN, Qar, Ölkə, Soyuq, Külək,todaypress.az,