FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Sosial
12.12.2024 22:27
Fövqəladə Hallar Nazirliyi kəskin hava
şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına
ciddi əməl etməyə çağırır.
TodayPress xəbər verir ki, bu barədə qurumdan
bildirilib.
Bildirilir ki, soyuq və yağıntılı hava şəraiti qaz və
elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan,
elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart
və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından
istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada
bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı
cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli,
işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı
cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər
saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına
(tövsiyələrinə) uyğun istifadə edilməlidir.
"Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan,
eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı
proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış
məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti
barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda
avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq
ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət
marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların
tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik
yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri
dönməyi tövsiyə edirik" FHN bəyan edib.
Bundan başqa vurğulanır ki, güclü külək zamanı yüngül
konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq
durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə
olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar
yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın
təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin
məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində soyuq və kəskin hava
şəraitinin müşahidə olunacağı, temperaturun xeyli enəcəyi, sulu qar, qar
yağacağı və ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağlıq və dağətəyi
rayonlarda yolların buz bağlayacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.
tag: FHN, Müraciət,Hava, Yağış,Kəskin , Təhlükəsizlik, todaypress.az,