Emin Əmrullayev: “Qadınların 100 il öncəki hala qayıtmaları riskini diqqətdə saxlamalıyıq”

Sosial

20.02.2025 11:00

1917

“Cəmiyyət qadınların 100 il öncəki halına düşmə riskini daima nəzərdə saxlamalıdır”. 

TodayPress xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda deyib. 

Nazir hazırda da bəzi hallarda qızların təhsil hüququnun tamam məhdudlaşdırılması halından narahatlığını ifadə edib. Bu risklərin geniş müzakirə olunması lazım olduğunu qeyd edib.

Nazir təhsilli qadınların sayının artmasının inkişafa təkan verdiğini vurğulayıb. Bildirib ki, hazırda Azərbaycanın ali təhsil pilləsində qızların oxu bacarıqları oğlanların oxu bacarığından daha yüksəkdir. 

“Tədqiqatlar göstərir ki, anası ali təhsil və ya orta təhsildən sonrakı akademik təhsilini davam etdirmiş ailədə doğulmuş və böyümüş uşaq digərlərindən 1.3 il daha çox təhsil almış olur. Bu səbəbdən, daha çox ali təhsili ana daha çox təhsilli ailə deməkdir. Həmçinin, ali təhsilli ailələrdə uşaqların erkən yaşda ölüm halı 5-10% daha azdır. İxtisas seçiminə nəzər salsaq, anaları təhsilli olan qızların mühəndislik, texnologiya sahəsində ixtisas seçimi ehtimalı 3 dəfə daha çoxdur”. 

Emin Əmrullayev sonda vurğulayıb ki, qızların təhsilinə xərclənmiş hər 1 manat 20% artaraq geri dönüş edir. Bu, istənilən infrastruktur layihəsinə qoyulan investisiyadan çoxdur. Əgər bütün dünyada 10% daha çox qızı orta təhsilə cəlb edilərsə, 3 milyona yaxın insan yoxsulluqdan qurtulmuş olar. 

Qiymət Mahir

tag: Emin Əmrullayev,İxtisas,Layihə,Tədbir,Todaypress.az,