Əmək müqaviləsi ilə çalışanların sayı niyə azalıb? - AÇIQLANDI

Sosial

17.03.2025 10:15

2710

Muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər olub. Onlardan 879,5 min nəfəri dövlət sektorunda, 877,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərirlər. 

TodayPress xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. 

Onun sözlərinə görə, bu il yanvarın 1-nə nisbətən fevralın 1-də əmək müqaviləsi ilə çalışanların sayı 21 min 500 nəfər azalıb.   

"Belə ki, məşğulluq sferası bu ilin ilk ayına 1 milyon 778 min 500 əmək müqavilələri ilə daxil olub. Eyni zamanda, həm dövlət, həm də özəl sektorda müqavilə ilə çalışanların sayında azalmalar qeydə alınıb. Özəl sektorda müqavilələrin sayında azalma daha çox olub: 18 min 200 nəfər. Dövlət Statistika Komitəsi 1 aylıq müqayisədə dövlət sektorunda əmək müqaviləsi ilə çalışanların sayında 3 min 300 nəfər azalma bəyan edib". 

Deputat əlavə edib ki, 2025-ci ilin ilk ayında əmək müqavilələrinin sayında azalma daha çox özəl sektordakı dəyişikliklər hesabına baş verib. O hesab edir ki, əmək müqavilələrin sayı məşğulluğun rəsmilləşdirilməsi və daha çox iş yerlərinin yaradılması baxımından vacibdir.

Millət vəkili qeyd edib ki, bu il yanvarın 1-dən etibarən mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olan illik dövriyyəsi 45 min manatdan çox olmayanlar vergi güzəştlərindən faydalanırlar. 

"Həmin sahibkarların gəlirlərinə artıq 75 faiz güzəşt tətbiq olunmağa başlanılıb. 2024-cü ildə isə həmin güzəşti əldə etmək üçün ən azı 3 işçiyə malik olmaq tələbi var idi. Yeni ildən həmin tələb götürüldüyü üçün, güman edilir ki, bu özəl sektorda əmək müqavilələrinin sayının azalmasına səbəb olub".   

Əmək müqaviləsi ilə çalışanlar arasında dövlət sektorunun üstünlük təşkil etdiyini bildirən Vüqar Bayromov özəl sektorda 2 min daha az əmək müqaviləsinin qeydiyyatdan keçdiyini vurğulayıb.   

Deputat sonda özəl sektorun məşğulluğun təminatında və yeni iş yerlərinin yaradılmasında drayverə çevrilməsinın olduqca vacib olduğunu qeyd edib. 

Türkan İsgəndərli

tag: Deputat,Vüqar Bayramov,Əmək,Müqavilə,Todaypress.az,

photo