Elnur Əliyev: "Bu ilin ilk 9 ayında 69,6 min yeni iş yerləri açılıb"
Sosial
16.12.2024 15:30
"2024-cü ilin yanvar-noyabr aylarında ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1% artıb".
TodayPress xəbər verir ki, bunu İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev 2024-cü ildə fəaliyyəti ilə fərqlənmiş sahibkarlara "Dayaq" mükafatının təqdim olunması mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycanda iqtisadi artımın əsas drayveri olan qeyri-neft sektoru 11 ay ərzində 6,4% artıb.
"ÜDM istehsalının 37,1 faizi sənaye, 10 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 6,1 faizi kənd təsərrüfatı, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin payına düşüb.
Sənaye zonalarında sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması, səmərəli işin təşkili üçün müxtəlif xidmətlərin göstərilməsi də özəl sektorun inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindəndir. 2024-cü ilin 9 ayı ərzində sənaye zonalarında 2,4 milyard manatlıq satış həyata keçirilib, bunun da 801,1 milyonluq hissəsi ixracın payına düşür. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,5%, ixracında isə 26% təşkil edib.
2024-cü ilin doqquz ayı ərzində ölkədə 69,6 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 92%-dən çoxu qeyri-dövlət sektorunda açılıb. 2024-cü ildə özəl sektorda əmək müqavilələrinin payı 2018-ci ildəki 37,1%-dən 52,4%-ə çatıb.
2024-cü ilin yanvar-sentyabr aylarında ölkənin hüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 120 ölkəyə məhsul ixrac olunub, 161 ölkədən isə idxal olunub. 2024-cü ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 39,4 milyard ABŞ dolları, o cümlədən ixracın dəyəri 22,7 milyard dollar, idxalın dəyəri 16,6 milyard dollar təşkil edib. Nəticədə 6,1 milyard dollarlıq müsbət ticarət saldosu yaranıb".
Töhfə Səməd
tag: Zəruri,Faiz ,İqtisadi, İş yeri, todaypress.az,