Dünya təcrübəsi ölkəmizdə: Azərbaycan 4 günlük iş rejiminə keçir?
Sosial
28.01.2025 16:30
“İş günlərinin sayının azadılması ilə bağlı məsələ yalnız Azərbaycanda deyil, bütün dünya ölkələrində müzakirə obyektinə çevrilib”.
Sosioloq Üzeyir Şəfiyev ölkəmizdə iş günlərinin sayının azaldılmasının mümkünlüyü ilə bağlı TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, bir sıra ölkələrdə belə təcrübə var. Təşəbbüslə 2014-cü ildə Beynəlxalq Əmək Təşkilatı (BƏT) çıxış edib:
“Əsas məqsəd işçilərin asudə vaxtlarının daha da artırılması, onların istirahətinin daha yaxşı təmin edilməsidir. Bir sıra ölkələr bu çağırışlara qoşulublar və öz təcrübələrində dördgünlük iş həftəsini tətbiq etməyə başlayıblar. Məsələn, Belçika, İngiltərə və digər ölkələrdə belə bir təcrübə tətbiq olunur. Pilot layihələrin müsbət və mübahisəli tərəfləri var. Müsbət tərəfi ondan ibarətdir ki, dördgünlük iş həftəsinə keçməklə işçi istirahət, asudə vaxtı və hobbilərini daha da artırmaq üçün fürsət qazanır. Qohumları, dostları ilə vaxt keçirmək üçün fürsət əldə edir. Onlar arasındakı sosial bağlar güclənir, stress və gərginlik aradan götürülür. Eyni zamanda, işçi bu üç günlük əlavə istirahət günlərində öz yaradıcılıq potensialını inkişaf etdirə bilir”.
Mütəxəssis vurğulayıb ki, dördgünlük iş həftəsinə keçid əmək bazarında bütün iş sahələrinə tətbiq edilə bilməz:
“Burada məsələ daha çox işçi ilə işəgötürən arasındakı anlaşmadan asılı olur. Ola bilər ki, işçi bir həftə dörd gün, növbəti həftə beş gün işləsin. Bu işçi və işəgötürən arasında imzalanan müqavilə və razılaşmalar əsasında həyata keçirilir. Bilirik ki, xidmət sektoru davamlı olaraq işləyir. Onlarda dördgünlük iş rejiminə yanlız növbəli iş rejimi tətbiq etməklə keçmək olar. Növbəli iş rejimi həm də işsizliyin aradan qaldırılmasına şərait yaradar. Bu, bütövlükdə müzakirəyə açıq mövzudur. Bütün ölkə səviyyəsində olmasa da, ancaq müəssisə və işçi münasibətləri tənzimləyən müqavilələrlə şərtləndirilə bilər”.
Sosiloq hesab edir ki, burada əsas məsələ işçinin faydalı iş əmsalıdır. Bu dördgünlük iş rejiminə sığırsa, o zaman qəbul oluna bilər. Bu, əməkhaqqına təsir etmədən və işçilərin əmək hüquqları tapdalanmadan həyata keçirilməlidir. Bəzi ölkələrin dördgünlük iş rejiminə nəzər salsaq görərik ki, bu dəyişiklik həmin ölkələrdə işçilərin iş keyfiyyətinə, eyni zamanda, onların psixoloji durumuna da yaxşı təsir edir. Orta perspektivdə bu Azərbaycanda da tətbiq oluna bilər. Ancaq bunun üçün Əmək Məcəlləsində və əmək müqavilələrində dəyişikliklərə ehtiyac var.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən hazırda Azərbaycanda bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilib. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola və buna uyğun olan həftəlik normal iş vaxtının müddəti də 40 saatdan artıq müəyyən edilə bilməz.
Nicat Osman
tag: Sosioloq,İş saatı,Əmək məcəlləsi,İş günləri,Üzeyir Şəfiyev,Qanunvericilik,İşçi,Todaypress.az,