Duman içində ölüm: “İnsanlar təmiz hava üzünə həsrət qalıb” – Ekspertlər həyəcan təbili çaldılar

Sosial

22.07.2024 10:08

Dünyanın bir çox ölkəsində siqaretə qarşı mübarizə davam edir. Bəzi ölkələr siqaret satışına yaş məhdudiyyəti qoyur, bəziləri isə ictimai yerlərdə istehlakını qadağan edir. 

Bəs ölkəmizdə bu zəhərin yayılmasının qarşısını almaq üçün hansı tədbirlər görülür? 

Mövzu ilə bağlı TodayPress-ə danışan Deputat Vüqar İsgəndərovun sözlərinə görə, ölkəmizdə qapalı məkanlarda siqaret çəkmək qadağan olunsa da, hazırda buna nəzarət mexanizmi zəifdir. “Bu məsələni ilk növbədə ictimai qınaqla həll etməyə çalışmalıyıq” deyən müsahibimiz, siqaret çəkənlərin yaşının hər ötən gün daha da gəncləşdiyini bildirib:

“Gənclərimiz də, yeniyetmələr də siqaret çəkirlər. Bizi narahat edən digər məsələ hazırda gənc oğlan uşaqları ilə yanaşı, artıq gənc qızların da siqaret çəkməyə başlamasıdır. Əlbir olub gənclərimiz arasında bu pis vərdişlərin yayılmasının qarşısını almağa çalışmalıyıq. Bunun üçün maarifləndirmə işlərini intensivləşdirməkdə fayda var. Biz çox mütərrəqqi qanunlar qəbul etməklə yanaşı, birinci növbədə bu qanunlara nəzarət mexanizmini işləyib hazırlamalıyıq”. 

Son illər Azərbaycanda tütün və tütün məmulatlarından istifadə edənlər arasında qadın və yeniyetmələrin sayındakı artım faktını sosioloq Üzeyir Şəfiyev də təsdiqləyib. O, bunu qorxulu tendensiya adlandırıb:

“Qadınlar ana olur, övlad dünyaya gətirir. Gələcəyimiz də o övladlardan asılıdır. Siqaret və digər tütün məmulatlarından istifadə imitasiya, təqlid yolu ilə çoxalır. İndi əksər seriallarda, filmlərdə qadın qəhrəmanlar siqaret çəkirlər. Bu da qadınlara təsir göstərir. Eyni zamanda xaricə gedən qadınlar, bu ənənəni görüb ölkəmizə gətirirlər. Paytaxtda xüsusilə  “Tarqovı” ərazisində bütün kafe və restoranlarda qadınların kütləvi şəkildə tütün məhsullarından istifadə etdiyini görə bilərik. Bu çox narahatedici məqamdır”. 

Ekspertin fikrincə, Azərbaycanda siqaret çəkənlərə görə istirahət parklarında nəfəs almaq olmur. İnsanlar təmiz hava üzünə həsrət qalıb: 

“Bəziləri heç siqaret çəkə bilməsə də, görüntü olaraq siqareti üfürüb, tüstüsünü kənara buraxırlar. Siqaret çəkməyənlər də həmin tüstünün qurbanına çevrilirlər. Ölkəmizdə tütün və tütün məhsullarının zərərləri ilə bağlı ciddi şəkildə maarifləndirməyə ehtiyac var. Sahə mütəxəssisləri, həkimlər real arqumentlərlə tütün məhsullarının insanların sağlamlığına zərərini araşdırıb, ictimaiyyətə təqdim etməlidirlər”.

Bundan başqa, tütün məhsullarının cəlbedici istehsalından qaçmaq lazımdır. Onun görünüşü çəkici olmamalıdır. İctimai yerlərdə, sosial mediada, məktəblərdə insanlar bu mövzuda maarifləndirilməlidir. Siqaret çəkənlər tək özlərinə deyil, gələcək nəsillərə də zərər vurduğunu başa düşməlidirlər.

Günəş Mərd

tag: Siqaret, Zərər, Sağlamlıq, Təhlükə, Üzeyir Şəfiyev, Vüqar İsgəndərov,

photo
photo