Dövlət Agentliyinin yeni saytı istifadəyə verildi

Sosial

29.10.2024 13:20

2957

Oktyabrın 29-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Kommunikasiya Strategiyasının icra vəziyyəti və yenilənmiş "its.gov.az" saytının təqdimat mərasimi baş tutub. 

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev tədbirdə çıxış edərək yenilənmiş saytda daha geniş funksionallıq və əhali üçün əhəmiyyətli məlumat bazasının olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, qurumun prioritetlərini dəqiq müəyyən edərək əhaliyə daha əlçatan və informativ bir platforma yaratmağa çalışılıb. 

“Fəaliyyətə başladığımız ilk illərdə daim başqa ölkələrin saytlarına daxil olub, oradan təcrübə əldə etməyə çalışırdıq. İndi biz öz üzərimizdə işləyib inkişaf etmişik. Məhz bu təcrübəyə əsaslanaraq, saytı 3 dildə, Azərbaycan, Rus və İngilis dillərində etdik ki, başqa ölkələrdən olan mütəxəssislər bizim sayta daxil olub rahatlıqla məlumatları əldə etsinlər” deyə o, bildirib.

Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova isə bildirib ki, qurumun fəaliyyətində artıq yeni mərhələ başlayır. Onun sözlərinə görə, əgər 5 il əvvələ nəzər yetirsək, pilot layihə dövründə icbari tibbi sığorta çərçivəsində cəmi 1825 tibbi xidmətin təminata alındığını görmüş olarıq. Hazırda isə onların sayı 2 dəfə artaraq 3315-ə çatıb, artım 80%-dir. Gələcək də bu xidmətlərin sayı artacaq:

“Təkcə ötən il 176 media sorğusu daxil olub ki, onlardan 168-i təmin olunub, 8-i isə yönləndirilib. Bundan başqa, sosial media üzərindən isə 6947 ədəd müraciət olunub. 

Rəsmi sayt artıq insanlar üçün daha əlçatan olub. Belə ki, 2023-cü ildə sayt istifadəçilərinin sayı 350 mini ötürdüsə, artıq bu say il tamamlanmasa da 480 mini ötüb. 

Ölkənin yarıdan çoxu icbari tibbi sığortadan istifadə edir”.

Aynurə Əhmədovanın qənaətincə, əsas diqqət əhalidə məmnunluq hissi, yəni keyfiyyət göstəricilərinin yüksəldilməsinə yönəldiləcək. 

"İts.gov.az" saytının strukturuna yeni bölmələr əlavə edilib. Belə ki, yenilənmələr zamanı vətəndaşları Dövlət Agentliyinin fəaliyyəti və icbari tibbi sığorta barədə ən çox maraqlandıran məsələlər nəzərə alınıb. Tibb müəssisələrinin axtarış sistemi vasitəsilə vətəndaşlar lazım olan tibbi xidmətin hansı tibb müəssisələrində göstərildiyini müəyyən edə, müxtəlif kateqoriyalar üzrə, həmçinin tibbi ərazi bölmələri (TƏB) və ya şəhərlər üzrə tibb müəssisələrini axtarışa verə, xəstəxananın əlaqə vasitələri, ünvanı və xəritə üzərindən məkan koordinatları ilə tanış ola bilərlər. Xidmətlər Zərfi üzrə axtarış sistemi üzərindən isə tibbi xidmət və onun müqabilində Dövlət Agentliyi tərəfindən xəstəxanaya ödənilən məbləğlə tanış olmaq mümkündür.

Töhfə Səməd

tag: TƏBİB,İcbari,Tibb,Sığorta, Sosial, todaypress.az,

photo
photo
photo