Dəyişiklik keyfiyyətə yox, qiymət artımına təsir etdi – Bakının taksi problemi
Sosial
11.07.2024 17:27
Taksilərlə bağlı dəyişikliklərin qüvvəyə minməsindən artıq 10 gündən çox vaxt keçib. Yeni qaydaların qəbulunda əsas məqsədin taksi xidmətinin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi olduğu bildirilsə də, praktikada bunu görmədik. Ölkəmizdə hələ də taksi xidmətindən narazılıqlar var. Vətəndaşlar dəyişikliklərin keyfiyyətdə yox, ancaq qiymət artımında hiss edildiyini bildirirlər.
Nəqliyyat üzrə ekspert İlqar Hüseynov mövcud vəziyyətlə bağlı TodayPress-ə danışarkən bildirib ki, ölkəmizdə taksilərin xidmətini hazırda qəbul olunan qaydalarla yaxşılaşdırmaq mümkün deyil. O, yeni qaydaların bir müddət sonra qüvvəyə minməsini daha məqsədəuyğun hesab edir:
“Çünki taksi xidmətinin yaxşılaşdırılması üçün, Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin hamısının avtomobil parkı yenilənməlidir. Yeni tələblərə cavab verməyən nəqliyyat vasitələri istismardan çıxarılmalı, onların əvəzinə yeni maşınlar alınmalıdır. Amma əksər şirkətin bunu reallaşdırması üçün kifayət qədər maliyyə imkanı yoxdur. Bu da sonda xoşagəlməz hallara gətirib çıxarır”.
Nəqliyyat üzrə ekspert Eldar Bəşirov isə TodayPress-ə açıqlamasında yeni qaydaların bundan sonra da ancaq kağız üzərində qalacağını bildirib:
“Qaydalar elə kağız üzərində qalacaq, özəl sektorların marağına uyğun gələnə qədər də taksilərin keyfiyyəti dəyişməyəcək”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli qərarı ilə təsdiqlənən “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” 1 iyul 2024-cü ildən qüvvəyə minib.
Günəş Mərd
tag: Eldar Bəşirov, Taksilər, İlqar Hüseynov, Nəqliyyat, Azərbaycan, todaypress.az,