Dənizdə boğulma halları niyə artır? – XƏBƏRDARLIQ

Sosial

15.07.2024 14:56

“2024-cü ilin ilk 6 ayı ərzində ümumilikdə 76 nəfər xilas edilib ki, onlardan 66-sı yay mövsümündə baş verib. Əksəriyyəti isə uşaq və yeniyetləmələrdir”.

Bu sözləri TodayPress-ə verdiyi açıqlamada Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, polkovnik-leytenant Aqşin Əlili deyib. 

Nazirliyin rəsmisi bildirib ki, FHN-nin nəzarət etdiyi çimərliklərdə ölüm hadisəsi baş verməyib. Onun fikrincə, xilasedicilərin nəzarət etdiyi çimərliklərdə üzmək lazımdır. Çünki hər hansı bir boğulma hadisəsi yaşanarsa, xilasedicilər vətəndaşları dərhal qurtara bilsinlər. Aqşin Əlili qeyd edib ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi vətəndaşların nəzarətsiz qeyri-çimərlik ərazilərindən, suvarma kanallarından, çaylardan, süni göllərdən və su arxlarından istifadə hallarına rast gəlinir:  

“Bu isə sonda acı nəticələrə səbəb olur. Sadalanan bu yerlər mürəkkəb relyefə, sualtı axına, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olduğuna görə bu ərazilərdən istifadə, insanların həyat və sağlamlığı üçün ciddi təhlükədir. Vətəndaşlara bir daha müraciət edirik ki, nəzarətsiz qeyri-çimərlik ərazilərindən istifadə etməsinlər. Çünki hər hansısa bir ərazidə xilasedici yoxdursa, texniki vasitələr mövcud deyilsə, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini bildirir”. 

Nazirlik rəsmisinin sözlərinə görə, küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda və ya hava qaraldıqdan sonra suya girmək təhlükəlidir. Bundan əlavə, çimərliklərdə üzmə sərhəddini müəyyən edən nişanları keçmək, sərxoş halda, spirtli içki qəbul etdikdən sonra suya daxil olmaq, uşaqları çimərlik ərazisində nəzarətsiz buraxmaq qəti qadağandır. 

Qeyd edək ki, çimərlik mövsümü başlayandan indiyədək 10 nəfər dənizdə boğularaq ölüb. 

Unutmayaq ki, qaydalara biganəlik, həyatımıza təhlükədir. 

Töhfə Səməd

tag: Nazirlik, Hava, Çimərlik, FHN, Nəzarət,Aqşin Əlili, todaypress.az,

photo