Daimi məşq alkoqolun ömürə təsirini azalda bilər
Florida Dövlət Universitetinin alimləri daimi fiziki aktivliyin alkoqolun ömür uzunluğuna mənfi təsirini qismən kompensasiya edə biləcəyini aşkar ediblər.
TodayPress xəbər verir ki, tədqiqatın nəticələri Amerika Fiziologiya Cəmiyyətinin Baltimorda keçirilən illik sammitində təqdim olunub.
Təcrübə siçanlar üzərində aparılıb. İnsanların xüsusilə tələbəlik dövründəki alkoqol istifadəsini modelləşdirmək üçün 6 həftə boyunca bəzi siçanlara spirt verilib. Bəzi heyvanlar oturaq həyat tərzi keçirib, digərləri isə gündəlik məşqlərlə məşğul olub. Daha sonra bütün siçanlar normal pəhrizə keçirilib və təbii şəkildə ömürlərini başa vurublar.
Gözlənildiyi kimi, alkoqol qəbul edən, lakin hərəkətsiz qalan siçanlar daha qısa ömür sürüblər. Lakin həm spirt qəbul edib, həm də fiziki aktiv olan siçanların ömrü spirt qəbul etməyən, lakin aktiv olan nəzarət qrupu ilə demək olar ki, eyni olub.
Tədqiqatın müəllifi Avery Tengen qeyd edib ki, bu nəticələr “spirt” istifadəsini təşviq etmək üçün deyil, fiziki aktivliyin bədənə vurulan ziyanı necə azalda biləcəyini anlamaq məqsədi daşıyır.
Onun sözlərinə görə, aerobik məşqlər spirtin təsirinə ən həssas orqanlar olan beyinə, qaraciyərə və skelet əzələlərinə faydalı təsir göstərir.
Aysel Mətləb
tag: Florida Dövlət Universiteti,Alim,Alkoqol,Araşdırma,todaypress.az,