Bullinqin aşkarlanması üzrə analitik hesabat təqdim olundu - FOTO

Sosial

02.12.2024 12:09

Azərbaycanda məktəblərdə bullinqlə bağlı sorğu keçirilib və “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinqin aşkarlanması üzrə analitik hesabat” hazırlanıb.

TodayPress xəbər verir ki, tədqiqatın nəticələri eyni adlı keçirilən tədbirdə təqdim olunub. 

Tədqiqatın kəmiyyət mərhələsində Bakı Şəhər Təhsil İdarəsininin nəzdindəki 12 rayonda yerləşən məktəblərdə sorğu keçirilib. Sorğuda 13-17 yaş aralığında 2351 uşaq iştirak edib. Bu uşaqlar Bakıda təhsil alan 13-17 yaşlı 210104 məktəblinin arasından təsadüfi yolla seçilib.

Sorğuda iştirak edənlərin 42.5%-i cinsiyyət sualına kişi, 56%-i isə qadın cavabını verib. Yaşlarına uyğun olaraq uşaqların 26.6%-i 7-ci sinifdə, 25.3%-i 8-ci sinifdə, 26.7%-i 9-cu sinifdə, 14.9%-i 10-cu sinifdə, 6.6%-i isə 11-ci sinifdə təhsil alır. 

Bullinqə məruz qalma halları siniflər arasında statistik olaraq əhəmiyyətli fərq göstərmir. Lakin 7 və 8-ci siniflərdə bullinq hallarının 9-cu sinifdən çox olduğu müşahidə edilir. Digər tərəfdən 11-ci sinifdə bullinq halları 10-cu sinifdən çox görünür. 11-ci siniflərdə əsasən verbal və kiber bullinqə yol verilir. Kiberbullinq isə yuxarı siniflərdə kiçik bir artım göstərir.

Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranışın qarşısının alınması məsələsində uşaqlar həmfikirdir. Belə ki, mövzu ilə əlaqədar verilən suala uşaqların cavablarının ortalaması 4.7-dir. Onların 86.2%-i bullinqin qarşısının alınmalı olması ilə bağlı suala “razıyam” və “tamamilə razıyam" cavablarını veriblər. Uşaqların bullinqə məruz qaldıqda verdikləri reaksiya da tədqiqatın araşdırdığı məsələlər arasındadır.

Sosial mediada tanıdığı və tanımadığı insanları təhqir etməyi düzgün hesab edən uşaqların sayı isə minimal səviyyədədir: 2.2%. Kobud rəftardan xoşu gələn uşaqlar isə cəmin 5.5%-i təşkil edir. Xüsusilə “dərsini vermək” anlayışına uşaqların rəğbət duyduğu görünür. Onların 15%-i bir qisim yoldaşlarına “dərs vermə"'yi vacib hesab edir. Belə fikirləşən uşaqlar arasında güclü olmağı vacib sayan uşaqların nisbəti 33.6%-dir. Bəzi uşaqların bullinq davranışlarına “layiq” olduğunu düşünən uşaqlar da mövcuddur. Uşaqların 11.4%-i bəzi uşaqların öz davranışlarına görə bullinqə layiq olduğunu qeyd edib. 13% uşaq bildirib ki, elələrini “ağıllandırmaq” üçün bullinq göstərmək lazımdır. Uşaqlar arasında dominant olmaq niyyəti ilə bir-birinə iş gördürmək, buyurmaq, zəkası ilə hegemonluq etmək yayğın davranışlardandır. Bu hərəkətlərini “əks halda hörmət etməzlər" düşüncəsi ilə əsaslandıran uşaqlar 27.9%-dir. Tədqiqatda iştirak edən uşaqların kiçik bir faizi tez-tez müxtəlif bullinq növlərinə məruz qaldıqlarını qeyd edib. Ancaq bullinqə məruz qalmaqla əlaqədar suallara qərarsız olduqlarını bildirən uşaqların nisbəti 20% ətrafındadır. Onların bir qismi təhqir olunduqlarını, bir qismi sosial mediada sıxışdırıldıqlarını, böyük bir qismi (27%) isə özlərini məyus, müdafiəsiz və gücsüz hiss etdiklərini qeyd edib. Sorğuda əsas məqsədlərdən biri də bullinqin uşaqlara necə təsir etdiyini, onlarda hansı təəssürat yaratdığını öyrənməkdir.

2351 uşaqdan 40 nəfər (1.7%) cinsi bullinqə məruz qaldığını və buna görə özünə zərər vermək istədiyini qeyd edib. 51 nəfər – 2.2% isə bu məsələdə qərarsız qalıb.

Bundan əlavə, tədqiqatda uşaqların ailə vəziyyətləri, davamiyyətləri, akademik nəticələri, idman-incəsənət fəaliyyətlərinə qoşulmaları ilə bullinqə məruz qalmaq və bullinq törətmək arasında əlaqəyə nəzər yetirilib.

Töhfə Səməd

tag: Bulinq, Tədqiqat,Uşaqlar, Ailə, Valideynlər, todaypress.az,

photo