"Bölgələrdə qiymətlər süni şəkildə artırılır” – Ekspert ÇAĞIRIŞ ETDİ
“Süni qiymət artımı turizm sektorunun sağlam inkişafına zərbə vurur”.
Turizm məsələləri üzrə ekspert Emil Əliyev bunu bayram günlərində süni qiymət artımlarının müşahidə olunması haqqında TodayPress-ə danışarkən deyib.
O, ilk növbədə diqqətə çatdırıb ki, təbii qiymət artımı bazar qanunlarına əsaslanan bir haldır. Yüksək tələbatın olduğu yerlərdə qiymətlərin qalxması iqtisadi baxımdan normaldır. Dünyanın hər yerində bayram və turizm mövsümlərində otellər və digər xidmətlər üçün qiymətlər artır. Lakin həmin günlərdə bəzi sahibkarların və biznes subyektlərinin bazar vəziyyətindən sui-istifadə edərək xidmətlərin keyfiyyətini qaldırmadan, süni qiymət artımı etməsi halları da yaşanır.
“Azərbaycanda turizm sektoru hələ inkişaf mərhələsində olduğu üçün bölgələrdə bəzi sahibkarların qiymətləri süni artırması halları müşahidə olunur. Bəzi otel və restoran sahibləri qısamüddətli qazanc üçün qiymətləri kəskin artırır, lakin müştəri məmnuniyyətinə yetərincə önəm vermirlər. Bu, uzunmüddətli perspektivdə həmin obyektlər üçün mənfi təsir yaradır. Sahibkarlar uzunmüddətli strategiya düşünməlidirlər. Turistləri yalnız bir dəfə deyil, mütəmadi olaraq cəlb etmək üçün qiymət və xidmət balansı qorunmalıdır”.
Ekspert bu kimi halların qarşını almaq üçün müəyyən standartların və nəzarət mexanizmlərinin gücləndirilməli olduğunu bildirib. O, hesab edir ki, dövlət qurumları və turizm assosiasiyaları süni qiymət artımı hallarına qarşı monitorinq aparmalı və xəbərdarlıq etməlidirlər:
“Çünki qısamüddətli qazanc naminə turistlərin mənfi təcrübə yaşaması Azərbaycanın turizm brendinə zərər verə bilər. Süni qiymət artımı sektorun sağlam inkişafına zərbə vurur. Turizm bazarının davamlı inkişafı üçün şəffaflıq və balanslı qiymət siyasəti vacibdir”.
Töhfə Səməd
tag: Emil Əliyev,Ekspert,Qiymət,Artım,Todaypress.az,
