Bərdədə qadın doğuşdan sonra niyə ölüb? – RƏSMİ
Bərdə rayonunda doğuş zamanı 28 yaşlı ananın ölümünün ilkin səbəbi məlum olub.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) TodayPress-in sorğusuna cavab olaraq bildirilib ki, 17.03.2025-ci il tarixində saat 23:50 radələrində 1997-ci il təvəllüdlü hamilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Doğum Evinə ağır vəziyyətdə hospitalizasiya olunub.
37 həftə 4 günlük hamiləlik, uşaqlıq üzərində çapıq toxumanın nazilməsi diaqnozu təyin edilən pasiyent dərhal Əməliyyat blokuna yerləşdirilib və qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.
Cinsi kişi, çəkisi 3 kq. 400 qr., boyu 50 sm. olan yenidoğulmuşa zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir.
"Əməliyyatdan sonra zahı qadında səbəbi bilinməyən hemoliz, HELLP sindromu və DDLP sindromları müşayiət edilib. Zahı qadının qarın boşluğunda 2 litr həcmində maye toplanması səbəbilə konsilium keçirilib və diaqnostik relaparotomiya, qarın boşluğunun sanasiyası və drenlənməsi əməliyyatının aparılmasına qərar verilib, qarın boşluğu serroz mayenin üstünlüyü ilə qan komponentlərindən təmizlənilib.
Mütəmadi olaraq cərrah, reanimatoloq, hematoloq, uroloqlar ilə konsiliumlar aparılaraq pasiyentin müalicəsi davam etdirilib.
Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, 18.03.2025-ci il tarixində saat 01:00 radələrində pasiyentin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib" deyə məlumatda bildirilib.
Qeyd edək ki, hamilə qadının yaxınlarının məlumatına görə, 17.03.2025-ci il tarixində saat 22:00 radələrində sözügedən şəxs yaşadığı ərazi üzrə tibbi təhsili olmayan şəxsə müraciət edib və məlum olmayan səbəbdən hamilə qadına infuziya köçürülüb. İnfuziyanın köçürülməsi başlayan andan az müddət sonra qadının ümumi vəziyyəti pisləşib və təcili tibbi yardım xidmətinə müraciət edilib. Müraciətdən sonra isə ağır vəziyyətdə tibb müəssisəsinə hospitalizasiyası baş tutub.
Töhfə Səməd
tag: Bərdə,Ölüm, TƏBİB,Ana,Uşaq,todaypress.az,