“Belə adamlara medal vermək haramdır” - Professordan AÇIQLAMA

Sosial

27.01.2025 16:56

“Bu gün mətbuatda iş təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılı olmayaraq kimi dindirsən, hamı özünü mətbuatın inkişafı üçün ciddi işlər görmüş hesab etdiyini deyəcək”. 

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli bunu “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsis edilməsi barədə aparılan müzakirələri TodayPress-ə şərh edərkən deyib. 

Professorun sözlərinə görə, məsələnin mənəvi tərəfi ilə yanaşı sosial-psixoloji tərəfi də var: 

“Bu da ondan ibarətdir ki, biz müəyyən mənada sosializmin bətnindən doğulmuş bir cəmiyyətik. Hesab edirik ki, kimin ordeni, medalı varsa, onun xüsusi imtiyazı olur. Təəssüf ki, belə bir psixoloji qavrayış mövcuddur. Məsələnin digər və ən ağrılı tərəfi isə bu medalın kimə verilməsidir. Əlbəttə ki, qanuna edilən dəyişlikdə göstərilib ki, fəxri ad və ordenlər xidmətləri olan şəxslərə verilməlidir. Lakin bu gün mətbuatda iş təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılı olmayaraq hər kəs hesab edir ki, sadəcə xəbər, məqalə yazmaqla iş bitir. O, mətbuata fayda vermiş, inkişafına dəstək olmuş şəxs sayılır”. 

Əməkdar jurnalist hesab edir ki, buna görə də müəyyən kriteriyalar olmadan bu məsələni həll etmək çox çətindir: 

“Məsələn, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” ilə bağlı medalların verilməsinə nəzər yetirsək, görərik ki, həmin adlara layiq görülənlər arasında nəinki Cümhuriyyətin təbliği, əksinə onu gözdən salmaq üçün əlindən gələni edənlər də var. Ona görə də belə adamlara verilən medallar təbii ki, onlara haramdır. Bu kimi göstəricilər isə medalın özünü, onun mahiyyətini gözdən salır”. 

Professorun fikrincə, mətbuatın 150 illiyi ilə bağlı mükafatlandırma daha kritik, böhranlı və mübahisəli görünür. Çünki siyasətçilərdən, elmi sferadan fərqli olaraq mətbuatdakılar daha çox iddialı, istəklidirlər. Ona görə də həmin mükafatların verilməsi səssiz, soraqsız və izsiz ötüşməyəcək: 

“Çox kateqorik kriteriyalar olmalıdır ki, insanlar mükafatın kimlərə veriləcəyini bilsinlər. Yox  əgər yubiley medalları belə qeyri-müəyyən meyarlara əsasən veriləcəksə, təbii ki, inciyənlər, narazı qalanlar olacaq. Ümumiyyətlə, mükafatlandırma həmişə şərti olur. Çünki bu bölgü əsasında aparılır və bölgü heç vaxt ədalətli olmur. Hər halda proseslər hələ qarşıdadır. Yəqin ki, bununla bağlı müəyyən işlər görüləcək ki, narazıların sayı minimum olsun”.   

Qeyd edək ki, mətbuat sahəsində xüsusi xidmətləri olan, həmçinin media qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən şəxslərə milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar təsis edilən medal veriləcək. Bu, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yanvarın 24-də keçirilən iclasında müzakirəyə çıxarılıb.Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub. 

Töhfə Səməd 

tag: Qulu Məhərrəmli,Layihə,Sənəd,Yubliey medalı,Mətbuat,150 illk,Todaypress.az,