BDU-da beynəlxalq konfrans keçirildi

Sosial

02.05.2025 10:27

4

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.   

Bu barədə TodayPress-ə BMTM-dən məlumat verilib.

BMTM-in baş məsləhətçisi Mətin Məmmədlinin moderatorluğu ilə keçirilən konfransda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və BDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov açılış nitqləri ilə çıxış etdilər.  İdarə Heyətinin sədri F. Şəfiyev konstitusiyanın dövlətin daxili idarəçiliyini müəyyənləşdirən sənəd olmaqla yanaşı, onun beynəlxalq arenada davranışlarını formalaşdıran əsas hüquqi baza olduğunu bildirdi.   

Qloballaşan dünyada dövlətlərin suverenliklərinə və daxili işlərinə təzyiqlərin artdığını deyən F. Şəfiyev hüquqi bazanın möhkəmliyinin dövlətin müdafiə mexanizmlərindən biri olaraq çıxış etdiyini diqqətə çatdırdı.  "Dünyada baş verən proseslərə uyğun Konstitusiyaya dəyişikliklər edilə bilər. Bu imkan verir ki, xaricdən gələn çağırışlara cavab verək. Bu çağırışlar hazırda da davam edir.

Daxili siyasət və iqtisadiyyatın möhkəmləndirilməsində Konstitusiya və digər qanunvericilik aktları vacib rol oynayır".   

BMTM sədri 2020-ci ildə ərazi bütövlüyümüzün bərpası, 2023-cü ildə suverenliyimizin bərpasının yalnız hərbi-siyasi deyil, hüquqi baxımdan da əlamətdar hadisə olduğuna, Azərbaycanın bu prosesi beynəlxalq hüquq çərçivəsində, Konstitusiyasında əks olunmuş əsas prinsiplərə uyğun şəkildə həyata keçirdiyinə də diqqət çəkdi.   

Prorektor Hüseyn Məmmədov bildirdi ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş Konstitusiya dövlət quruculuğunda və vətəndaş cəmiyyətinin formalaşmasında əsaslı dönüş nöqtəsi olmuşdur.  Onun sözlərinə görə, Konstitusiyamız əldə edilən tarixi nailiyyətlərin hüquqi əsasını təşkil edir. 

H. Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın intellektual potensialının formalaşmasındakı rolundan da ətraflı bəhs etdi.   Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vurğuladı ki, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlətin qurulması yolunda əhəmiyyətli mərhələ olub və indiyədək bu sənəd ölkəmizdə hüquqi islahatların aparılması, insan hüquq və azadlıqlarının təmin olunması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində bünövrə rolunu oynayıb. 

Maliyyə nazirinin birinci müavini Anar Kərimov qeyd etdi ki, Konstitusiya hər bir müstəqil dövlətin varlığının hüquqi əsasını təşkil edən sənəddir, o yalnız siyasi və hüquqi sistemin deyil, eyni zamanda iqtisadi idarəçiliyin də əsaslarını müəyyənləşdirir.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyası dövlətin iqtisadi fəaliyyətinin hüquqi çərçivəsini dəqiq şəkildə təsbit edir və maliyyə sisteminin formalaşdırılmasında mühüm rol oynayır. A. Kərimov, həmçinin son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların məhz Konstitusiyada müəyyən edilmiş məqsədlərə – əhalinin rifahının yüksəldilməsi, iqtisadi sabitliyin qorunması və sosial bərabərliyin təmin olunmasına xidmət etdiyini diqqətə çatdırdı. 

"Azərbaycanın sosial-iqtisadi sahədəki nailiyyətləri beynəlxalq səviyyədə qabaqcıl təcrübə kimi qiyməyləndirilir",-deyə A. Kərimov əlavə etdi.   Tədbirin əhəmiyyətini vurğulayan Balıkesir Universitetinin rektoru Yücel Oğurlu Türkiyə Respublikasının bu sahədə təcrübələrini bölüşdü, Konstitusiyanın təkcə hüquqi sənəd deyil, eyni zamanda xalqın suverenliyinin, dövlətin müstəqilliyinin və milli birliyin təminatı olduğunu diqqətə çatdırdı. Y. Oğurlunun fikrincə, Konstitusiyalar yalnız dövlətin daxili idarəçiliyini deyil, onun beynəlxalq münasibətlərdəki mövqeyini də formalaşdırır. 

Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov Konstitusiyanın ölkənin hüquqi portreti olduğunu bildirdi, Onun sözlərinə görə Konstitusiya həm də beynəlxalq birliyə qoşulan dövlət tərəfindən təqdim edilən bəyannamədir.   "Konstitusiya beynəlxalq birlikdə dövlətin yerini göstərir, bu sənəd daxili faktorlara və ümumbəşəri dəyərlərə əsaslanmalıdır".   

L. Hüseynov vurğuladı ki, 1995-ci ildə Azərbaycan beynəlxalq birliyin üzvü olmaq iradəsini ortaya qoydu.   "Konstitusiyamızın 9-cu maddəsi ilə beynəlxalq ictimaiyyətə ünvanlanan mesajlardan biri də odur ki, Azərbaycan müharibələri həm ərazi bütövlüyünə qəsd, həm də mübahisələrin həlli vasitəsi olaraq rədd edir".   

BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev  Konstitusiya və İnsan hüquqları mövzusunda geniş təqdimatla çıxış etdi.   Konstitusiyamızın hazırda bütün ərazimizi əhatə etdiyini deyən Z. Əliyev bildirdi ki, Azərbaycanda hüquq sahəsində ilk islahatların əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.   

"Azərbaycan Konstitusiyası bütövlükdə insan hüquqları konsepsiyasına həsr edilib. Çoxsaylı hüquqlar, fundamental beynəlxalq hüquqi aktlarda əksini tapan hüquqlar bizim konstitusiyada əks olunub".  Tədbir daha sonra BDU tələbələrinin və hüquq ictimaiyyətinin nümayəndələrinin fəal iştirakı ilə interaktiv və elmi fikir mübadiləsi formasında davam etdirilib. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2025 – ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. 1995 – ci il noyabrın 12 - də ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk Konstitusiyamız son otuz ildə dövlətimizin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin təmin edilməsi kimi əsas məqsədlərimizin həyata keçirilməsi üçün vacib hüquqi  baza rolunu oynayıb.

tag: BMTM,BDU,Konfrans,Tədbir,Todaypress.az,

photo
photo
photo
photo
photo
photo