Bayram bazarlığı: Qiymətlər niyə "əl yandırır"? – AÇIQLANDI
“Novruz bayramı ərəfəsində əhali hansı məhsulları daha çox alırsa, həmin məhsullar bahalaşır”.
İqtisadçı Akif Nəsirli bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, bazarda qiymət artımı və bahalaşma xarakterik haldır.
“Sahibkar həmişə dövriyyəni, yəni satışı nəzarətdə saxlayır. Nə vaxt dövriyyə artırsa, dərhal qiymətləri də qaldırırlar ki, daha çox qazansınlar. Ona görə də Novruz bayramı ərəfəsində əhali hansı məhsulları daha çox alırsa, həmin məhsullar bahalaşır".
Ekspert hesab edir ki, Avropa ölkələrində bayram ərəfəsində məhsulların qiymətlərinin ucuzlaşması isə həmin ölkələrdə rəqabətli iqtisadiyyatın olması ilə bağlıdır:
“Bir-biri ilə rəqabət aparan iş adamları, sahibkarlar ehtiyat edərək qiymət artımına getmirlər. Əksinə digər rəqib yerlərin müştərilərini özünə cəlb etmək üçün riskə gedir və qiymətləri ucuzlaşdırırlar. Bu kimi imkanlar isə daha çox dövriyyə artanda olur. Məsələn, 50 məhsul satıb 50 manat qazanmaq da mümkündür, 100 məhsul satıb 50 manat əldə etmək də. Rəqabətli bazarda imkan yaranan kimi öz gəlirlərini güzəşdə gedirlər. Bu güzəştlər məhz müştəriləri özünə cəlb etmək və stimullaşdırmaq üçündür”.
İqtisadçı qeyd edib ki, illərdir Azərbaycan bazarlarında bayram ərəfələrində qiymətlər artır, daha sonra isə ya cüzi ucuzlaşır, ya da eyni səviyyədə qalmağa davam edir.
Töhfə Səməd
tag: Akif Nəsirli,Ekspert,İş,Qiymətlər,Todaypress.az,
