Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-nın
3-cü tağımının əməkdaşları gücləndirilmiş iş rejimində xidmətə davam edirlər.
DİN-in Mətbuat xidmətindən TodayPress-ə bildirilib ki,
hazırda qeyri-sabit hava şəraiti nisbətən sabitləşsə də, ötən gündən yağan
qarın yaratdığı çətinliklər hələ də qalmaqdadır. Xüsusilə dağlıq və dağətiyi
rayonlarda, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda,
körpülərdə yolun buz bağlaması sürüşmə ehtimalını artırır.
DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda
yaratdığı fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz
hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür.
Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu
avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə
səfərə çıxan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı,
texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş
avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına
əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən
daha təhlükəsiz marşrutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir.
tag: DYP, Xəbərdarlıq, Sürücü, Hava, Qar, todaypress.az,