Bahar Muradova: “Yaxın qohumlar tərəfindən törədilən məişət zorakılığı daha çoxdur"
Sosial
10.10.2024 10:37
“Ötən il başa çatmış "Məişət zorakılığına qarşı Milli Fəaliyyət Planı"nda böyük irəliləyiş əldə edildi. Belə ki, bu müddət ərzində 6 fərmana və bir sıra qanunlara dəyişiklik olundu”.
TodayPress xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda vəkillər və hakimlər üçün “Məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Şəmkirdə baş verən son hadisə bir daha onu göstərdi ki, yaxın qohumlar tərəfindən törədilən məişət zorakılğı daha yüksək səviyyədədir:
“Əslində zorakılıq halları artmayıb. Sadəcə olaraq bununla mübarizə, öz səsini cəmiyyətə çatdırmaq halları artıb. Artıq zərərçəkmişlər susmaq istəmir və mübarizə aparırlar. Bu isə dəyişikliyin gətirdiyi müsbət addımlardan birdir”.
Sədr qeyd edib ki, edilən dəyişikliklərə əsasən, artıq zərərçəkmiş şəxslərə pulsuz hüquqi yardım göstərilə bilir. Təəssüf ki, məhkəmələrdə hələ də gender stereotipləri mövcuddur. Biz çalışırıq ki, patriarxal düşüncələri kənərlaşdırıb daha neytral şərait yaradaq.
Qeyd edək ki, tədbir məişət zorakılığına dair dövlət orqanlarına edilən şikayətlərlə bağlı görülməli olan tədbirlər, məişət zorakılığından zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çıxışının təmin edilməsində hakimlərin, vəkillərin vəzifələri və rolu, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ və digər məsələləri əhatə edəcək.
Töhfə Səməd
tag: Ailə,Qadın,Bahar Muradova,Komitə,Todaypress.az,