“Azərbaycanda ailə dəyərləri deqradasiyaya uğrayır” – Sosioloq həyəcan təbili çaldı

Sosial

15.07.2024 14:39

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk beş ayında ölkədə 17 min 448 nikah halı qeydə alınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1000 nəfər azdır.

Bəs nikahların sayında müşahidə olunan mənfi tendensiyaya səbəb nədir?  

Sosioloq Üzeyir Şəfiyev, bu barədə TodayPress-ə danışarkən bir neçə mühüm faktora diqqət çəkib. Onun sözlərinə görə, indiki dövrdə gənclər ailə qurmağı təhsil almaq, mənzil almaq kimi işlərdən sonraya saxlayırlar. Bu da gənclərin ailə qurmasını ləngidən başlıca amillərdəndir.

“Təhsil almaq, iş tapmaq üçün ölkədən çıxan gənclərin sayı da artıb. Ümumiyyətlə, gənclərin ailə qurmaq üçün bəzi şəraitləri olmalıdır. Məsələn, Türkiyədə  çox maraqlı bir layihə həyata keçirildi. Ailə və Gənclər Fondu yaradıldı. Ölkədə əldə olunan gəlirlərin bir hissəsi həmin fonda köçürülür və gənclər həmin fonddan faizsiz kredit alaraq mənzil ala bilirlər. Çox yaxşı olardı ki, oxşar layihə Azərbaycanda da reallaşdırılsın”.

Ekspertin fikrincə, ölkədə təbii artım ən çox regionlarda qeydə alınırdı. İndi isə regionlar boşalıb, paytaxta axın çoxalıb. Bakıda da əmək bazarında sıxlıq müşahidə olunur. Hər kəs işləmək imkanı tapa bilmir. Bu da nikahların azalmasına təsir göstərən amillərdən biridir. Bundan başqa: 

“Bizdə çox da yayğın olmasa da, hazırda Asiya ölkələrində “subaylıq sindromu” sürətlə yayılır.  Gənclər o qədər sosial şəbəkələrə kökləniblər ki, real həyatdan uzaqlaşırlar. Bütün ehtiyaclarını da sosial şəbəkələr ilə təmin edirlər. Bu bizim ölkəmizə də öz təsirlərini göstərir. Artıq insanlar daha çox eqoist bir həyat tərzi yaşayırlar. Əfsuslar olsun ki, gənclərimiz bu cür yetişir”.

Sosiloq sonda mövcud problemin həlli yollarından da danışıb. O, ailə dəyərlərinin orta məktəblərdə aşılanmasının vacibliyini bildirib: 

“Azərbacyanın ailə modeli, digər ölkələrdən gələn təsirlərlə dağıdılır. Deqredasiyaya uğrayır. Ölkə telekanallarında da, ailə dəyərlərini zədələyən kifayət qədər verilişlər var. Hesab edirəm ki, o verilişlər aradan götürülsə, yaxşı olacaq. Çünki həmin verilişlərdə psevdo ssenarilər vasitəsilə, Azərbaycan ailə dəyərləri məhv edilir. Gender bərabərliyi adı altında aqressiv feminizm təbliğ olunur. Bu məsələdə həssas olmalıyıq”. 

Ekspertin sözlərinə görə, müvafiq qurumlar gənc ailələr üçün sosial dəstək layihələri həyata keçirməlidirlər. 

Günəş Mərd

tag: Azərbaycan, Ailə, Ekspert, Üzeyir Şəfiyev, Gənclər, Problem, todaypress.az,

photo