Azərbaycanda 4-cü Karyera İnkişaf Forumu keçirildi

Sosial

19.12.2024 16:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə dördüncü dəfə Azərbaycan Karyera İnkişaf Forumu keçirilib.

TodayPress xəbər verir ki, Bakıda keçirilən forum “Bu günün təcrübəsindən sabahın çağırışlarına!” devizi ilə təşkil olunub.

Tədbirdə karyera inkişafı üzrə ölkədə və dünyada olan uğurlu nəticələr, qlobal trendlər və müasir yanaşmalar, təhsildə effektiv öyrənmə və öyrətmə mexanizmlərinin qurulması üçün əsas meyarlar, əmək bazarında tələb olunan və önəmli hesab edilən bacarıqların əhəmiyyəti və inkişafı yolları müzakirə olunub.

Açılış nitqini əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev edib. O diqqətə çatdırıb ki, cəmi 6 il ərzində 609 min əmək müqaviləsi imzalanıb. Aktiv məşğulluq xidmətləri vasitəsilə 1.8 milyon insan işlə təmin olunub. Peşə yönümlü xidmətlərdən 120-130 min insan faydalanıb. 36 min şagirdə peşə hazırlığı mərkəzlərinin dəstəyi ilə xidmət göstərilib. 

Gənclər və idman naziri Fərid Qayıbov isə tədbirdə çıxış edərək “Yerli” layihəsi haqqında məlumat verib. Bildirib ki, layihə 6 müxtəlif rayonda baş tutub və 200-dən artıq gənc iştirak edib. Xüsusi ekspertlər onlara 3 ay müddətində təlimlər keçib. Onlardan bir çoxu artıq özlərinə iş tapa bilib. Bu isə həm gənclərin inkişafına, həm də məşğulluğa öz töhfələrini verir. 

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə isə gənclərin ixtisas seçməzdən öncə əmək bazarına və beynəlxalq arenadakı tələblərə nəzər yetirməməsindən narahatlıq duyduğunu dilə gətirib. "Onlar əsasən dəbdə olan ixtisaslara meyillənir və ya ətrafın yönəldilməsi ilə öz gələcəklərini müəyyənləşdirirlər. Bu gün 1-ci ixtisas qrupu üzrə İT sahəsində minlərlə müraciət qeydə alırıq. Lakin onlardan bir çoxu qəbul olunduqdan sonra bu ixtisasa özlərini aid hiss etmirlər. Buna görə də həmin psixoloji testləri etmək onların ixtisas seçiminə kömək edəcək” deyə sədr diqqətə çatdırıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, KOBİA fiziki məhdudiyyətli şəxslərin və qadınların əmək bazarında inkişafına xüsusi diqqət yetirir. "Onlara sahibkar düşüncəsini yeritmək üçün əlimizdən gələni edirik. Regionlarda bir çox insanlar KOBİA-nın təklif etdiyi xidmətlərdən xəbərsizdi. Ona görə də ilk növbədə bölgələrdə bu istiqamətdə maarifləndirmə tədbirlərini həyata keçirdirik”. 

Nəhayət Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov Azərbaycanda əhalinin real gəlirlərini artırmaq üçün ölkədə makroiqtisadi siyasətin və maliyyə sabitliyinin təmin edilməsinin vacibliyindən danışıb. Onun sözlərinə görə, effektiv iqtisadi siyasət olmadan sosial siyasətin uğurla həyata keçirilməsi çətindir. Bu, iqtisadi islahatların əsas hədəflərindən biridir və hökumətin prioritetləri arasında yer alır.

Daha sonra “Təhsildən karyeraya: Gələcəyin innovativ həlləri”, “İnnovasiya, əməkdaşlıq və qlobal mobillik” və “İnsan kapitalının inkişafı və təşkilati mədəniyyət” kimi panellər keçirilib. Burada yerli ekspertlərlə yanaşı, karyera inkişafı üzrə tanınmış beynəlxalq mütəxəssislər iştirak ediblər.

Töhfə Səməd

tag: Azərbaycan, Makroiqtisadi ,Karyera, Kapital,todaypress.az,

photo
photo
photo
photo
photo
photo