Azərbaycan vətəndaşının pasportu Almaniya səfirliyində necə itib? - RƏSMİ AÇIQLAMA

Sosial

31.01.2025 15:09

Bir neçə gün öncə “MUZA” elektron incəsənət jurnalının təsisçisi Pəri Abbaslı öz sosial şəbəkə hesablarında Almaniyanın Azərbaycandakı Səfirliyi tərəfindən pasportunun itirildiyi ilə bağlı məlumat paylaşıb. O bildirib ki, səfirliyə viza üçün müraciət edib. Amma günlər keçsə də, cavab ala bilməyib. Buna görə yenidən səfriliyə müraciət etsə də, cavab heç də gözlədiyi kimi olmayıb: 

“Səfirlik vizanı pasportuma əlavə etdikdən sonra onu itirib. Heç bir üzr istənilmədi, heç bir tələbimə cavab verilmədi. Tək təklif bu idi ki, yeni pasport alın gəlin, biz həmin vizanızı 24 saat ərzində vuracağıq” deyə Pəri Abbaslı qeyd edib.   

Vətəndaş səfirliyin heç bir məsuliyyəti üzərinə götürmədiyini vurğulayıb:    “

Məsuliyyətdən boyun qaçırmaq belə asandır?! Pasportum 16 yanvardan bəri itib, lakin mən bunu yalnız özüm mail yazıb "sənədlərimdən xəbər varmı?" deyə soruşduqdan sonra öyrəndim. 1 fevral uçuşum olduğu üçün mənə pasport təcili şəkildə lazımdır.

“ASAN Xidmət”ə əvvəlki pasportu təqdim etmədiyim üçün 10 manat cərimə, 210 manatı isə 1 günə hazır edilməsinə görə ödədim”. 

P.Abbaslının sözlərinə görə, bütün bunlara baxmayaraq, Almaniya Səfirliyi sadəcə pasportun hazırlanması üçün ödənilən minimum məbləği, yəni 50 manatın kompensasiya ediləcəyini bildirib.

TodayPress məsələ ilə bağlı Almaniyanın Azərbaycandakı Səfirliyinə sorğu ünvanladı. Səfirlikdən bildirildi ki, pasportun itirilməsi mümkün deyil, lakin istisna hal yaşanmış ola bilər:     

“Məlumatların qorunması səbəblərinə görə biz fərdi hallar haqqında məlumat verə bilmirik. Amma ümumilikdə bunu deyə bilərik ki, azərbaycanlıların Almaniyaya səyahətə getməyə böyük maraq göstərməsi bizi məmnun edir. Çoxlu sayda viza müraciətləri var və hər biri son dərəcə diqqətlə işlənir. Pasportun itirilməsi halı isə mümkün olmasa da, əlbəttə ki, istisna hal yaşanmış ola bilər”. 

Rəsmi qurum sonda qeyd etdi ki, bu vəziyyətdə maraqlı olan şəxsə, Pəri Abbaslıya mümkün qədər dəstək veriləcək.   

Töhfə Səməd

tag: Pəri Abbaslı,Səfirlik,Viza,Almaniya,Avropa,Azərbaycan,Pasport,Todaypress.az,