Azərbaycan mətbuatının dünəni və bu günü: Zərdabinin 149 yaşlı mirası
Sosial
22.07.2024 15:31
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür. Uzun və şərəfli yol qət edən Azərbaycan mətbuatı hazırda yeni inkişaf mərhələsinə qədəm qoyub. Təsadüfi deyil ki, bu il ilk dəfə olaraq Milli Mətbuat Günü suverenliyi tam bərpa edilən Azərbaycanda keçirilir.
Mövzu ilə bağlı TodayPress-ə fikirlərini bölüşən, əməkdar jurnalist, "Qızıl Qələm" mükafatı laureatı, yazıçı, publisist, "Respublika" qəzetinin Diaspor şöbəsinin müdiri Qədir Aslan son illərdə mətbuatda gedən dəyişikliklərdən danışdı. Onun sözlərinə görə, ötən dövrlə müqayisədə indi mətbuat sahəsində olduqca müsbət irəliləyişlər var. Müxtəlif tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil edən mətbuat işçiləri hər vasitə ilə çalışırlar ki, Azərbaycanı sərhədlərimizdən kənarda tanıtsınlar, yaranan dezinformasiyaların qarşısını alsınlar. Qədir Aslanın fikrincə, biz Həsən bəy Zərdabinin mirasına yaxşı baxmışıq:
“Həsən bəy Zərdabinin miras qoyduğu mətbuat, bu gün yüksək səviyyədədir. Həmin ənənələrə əsaslanaraq, bu gün qarşıya qoyulan bütün vəzifələr layiqincə yerinə yetirilir. Neçə illərdir ki, Milli Mətbuat Günü münasibətilə tədbirlər keçirilir, bu gün də qeyd edilir. Lakin biz indi həmin tədbirləri Şuşada keçiririk. Bu isə olduqca qürurvericidir”.
Mətbuat işçilərini təbrik edən, bu məsuliyyətli, vicdanlı və şərəfli işdə onlara uğurlar arzu edən Xalq qəzetinin şöbə müdiri Səbuhi Məmmədov isə qeyd edib ki, bu gün müharibə təkcə döyüş meydanlarında yox, həm də informasiya məkanlarında aparılır. Onun qənaətincə, 44 günlük Vətən müharibəsi dönəmində mətbuat öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyi bacardı.
“Qalib ölkənin mətbuat nümayəndəsi olaraq qürur duyuruq. Jurnalistlər böyük bir məsuliyyət daşıyır. İnformasiya müharibəsi dövründə yaşadığımızı unutmamalıyıq. Biz Azərbaycanın mənafelərinə uyğun addım atmaqla yanaşı, fərdi olaraq məsuliyyətlərimizi də dərk etməliyik. Peşəmizin tələblərinə uyğun olaraq sadəcə doğru xəbər arxasınca getməli, düzgün məlumat çatdırmalıyıq. Bu gün Azərbaycan mətbuatı günün tələblərinə uyğun səviyyədədir. Daha güclü Azərbaycan üçün biz mətbuat işçiləri bir o qədər çox çalışmalıyıq”.
“Sevindirici haldır ki, bu gün Azərbaycan jurnalistləri öz bayramlarını qalib ölkənin, ərazi bütövlüyünü bərpa etmiş ölkənin vətəndaşı kimi qeyd edir”. Bunu isə TodayPress-ə Mətbuat Şurasının İdarə heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli bildirib. Onun sözlərinə görə, cəbhədə atəşkəs elan edilsə də, bu gün informasiya müharibəsi hələ də davam edir:
“Jurnalist olaraq, biz ən böyük sınağı 44 günlük Vətən müharibəsində verdik. Məhz həmin sınaqdan mətbuatımız üzü ağ çıxdı. Azərbaycan ictimayiətinə, dünyaya xəbərləri obyektiv formada çatdırmağı bacardıq. Qalib ölkənin qalib jurnalistləri ən xoş sözlərə layiqdir. Amma qarşı tərəf davamlı olaraq dezinformasiyalar yaymağa çalışır. Bunun qarşısını Azərbaycan jurnalistləri öz ayıq-sayıqlıqlıqları ilə alır. Mətbuat nümayəndələrimizə daim xoş xəbərlər verməyi, sülhün xəbərçisi olmağı arzu edirəm”.
Qeyd edək ki, 22 iyul ölkəmizdə Milli Mətbuat Günüdür. 149 il bundan əvvəl Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan bu tarixi gün respublikamızda hər il böyük ehtiramla qeyd olunur.
Töhfə Səməd
tag: Azərbaycan, Jurnalist, Mətbuat, Zərdabi,Peşə, todaypress.az,
![photo](/uploads/news/669e431c0733d.jpg)
![photo](/uploads/news/669e432d992e1.jpg)
![photo](/uploads/news/669e4466609ae.jpg)