"Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" layihəsinin sonuncu toplantısı keçirildi - FOTO
Sosial
27.11.2024 13:05
Azərbaycan Mətbuat Şurasında Şuranın Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" layihəsi çərçivəsində sonuncu toplantı keçirilib.
TodayPress xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid bildirib ki, "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" layihəsi 7 ay müddətində davam edib. Layihə çərçivəsində Azərbaycan mediasının bütün istiqamətləri üzrə tədqiqatlar aparılıb, sorğular keçirilib. Medianın fərqli istiqamətləri üzrə 4 toplantı keçirilib. İyul, avqust, sentyabr və oktyabr aylarında reallaşdırılan toplantılarda layihə çərçivəsində görülmüş işlər təhlil olunub, o cümlədən, ölkəmizin media məkanı barədə təsəvvür formalaşdıran məlumat bazasının strukturuna dair fikir mübadiləsi aparılıb, təkliflər qruplaşdırılıb:
“İndiyədək layihə çərçivəsində nəzərdə tutulan 12 tematik məqalənin hamısı hazırlanıb və onların yayımı həyata keçirilib, eyni zamanda, məqalələr "Azərbaycanın media landşaftı" kateqoriyasında yerləşdirilib. Məqalələrdə mövzu ilə elaqədar institsional yanaşma tətbiq edilib”.
MŞ sədrinin sözlərinə görə, bu gün ən aktual məsələlərdən biri də Azərbaycan mediasında gender balansının qorunması mövzusudur:
“Mediada neçə nəfər kişi və qadının çalışdığını müəyyən etmək üçün sorğu keçirilib. Nəticələr göstərdi ki, Azərbaycan Mətbuatında 43 faizdən çox qadın işçi mövcuddur. Rəhbər şəxs kimi isə bu say 20 faizdir”.
MŞ İdarə Heyətinin üzvü, "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" layihəsinin eksperti Müşfiq Ələsgərli iştirakçıları "Azərbaycanın media landşaftı" kateqoriyasında yerləşdirilmiş yeni məlumatlarla tanış edib. Bu kontekstdə o, "Azərbaycan jurnalist təşkilatları barədə tədqiqat"ın nəticələrini şərh edib. Ələsgərli qeyd edib ki, "Azərbaycan media landşaftı üzrə məlumat bazası" beynəlxalq standartalara uyğun formada hazırlanıb:
“Materialları həm Azərbaycan, həm də ingilis dilində əldə etmək mümkündür. Layihə, onun təşkilatçıları barədə, eləcə də Azərbaycanda medianı tənzimləyən qanunlar barədə məlumatlar da yer alıb. Keçirilən sorğuların təkcə nəticələri yox, həm də problemin nədən qaynaqlandığı, həll yolu üçün tövsiyələr də yer alıb”.
Diqqətə çatdırılıb ki, layihə çərçivəsində MŞ-nin "presscouncil.az" saytında "Azərbaycanın media landşaftı" adlı xüsusi kateqoriya yaradılıb. Həmin kateqoriya özündə "Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar", "İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər", "Azərbaycanın aparıcı media subyektləri və jurnalist təşkilatları", "Azərbaycan mediasından gender balansı", "I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası" yarımkateqoriyalarını, həmçinin layihə çərçivəsində yayımlanmış məqalələri və keçirilmiş tədbirləri birləşdirib.
Töhfə Səməd
tag: Azərbaycan, Media, Jurnalist, MŞ,todaypress.az,