Azərbaycan ərazilərinin minalardan tamamilə təmizlənməsi üçün 25 il vaxt lazımdır

Sosial

24.10.2024 12:45

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin təşkilatçılığı ilə oktyabrın 24-də Azərbaycanda mina qurbanlarına həsr olunmuş dəyirmi masa keçirilib. 

TodayPress xəbər verir ki, tədbirdə minalara qarşı fəaliyyəti həyata keçirən və mina qurbanlarına yardım edən Azərbaycan Respublikasının rəsmi qurumlarının nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), Milli Məclis üzvləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, “YAŞAT” Fondunun, Ombudsman Aparatının əməkdaşları, minadan zərərçəkənlər, QHT-lər və beynəlxalq ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Ekspertiza və Reabilitasiya Agentliyinin baş mütəxəssisi Nabat Abdulova toplantıda çıxış edərək diqqətə çatdırıb ki, son 2 ildə sırf mina partlaması nəticəsində 172 nəfər reabilitasiya mərkəzlərinə, 109 nəfər isə ambulator xidmətlərinə cəlb olunub. 

Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov isə bildirib ki, 4 il ərzində mina partlaması nəticəsində zərər görmüş 111 nəfər ərizə verib. Onlardan 91-i əlilliyi olan şəxs kimi qeydə alınıb. Bundan başqa, 65 nəfər amputasiya olunub, həmçinin 94 ədəd protez öz sahiblərini tapıb. 

ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov isə xatırladıb ki, bu günə qədər işğaldan azad edilmiş ərazilərdə təxmini 168 min hektar minalardan təmizlənib. Həmin ərazilərdən 161 min mina aşkarlanıb. 

Deputat Vüqar Bayramov xatırladıb ki, Azərbaycandakı mina qurbanlarının sayı hər ay daha çox artmaqdadır. Onun sözlərinə görə, Azərbaycan ərazisindən minaların tamamilə təmizlənməsi üçün 25 il vaxt və 30 milyard dollar pul lazımdır. 

Parlamentari Fazil Mustafa isə mina terrorunda əli olan şəxslərin məsuliyyətə cəlb olunmasını təklif edib. Bundan başqa, mina terrorundan əziyyət çəkən insanlar üçün sığorta mexanizmlərinin müəyyən edilməlinin zəruriliyini vurğulayıb. Bildirib ki, onların yalnız tibbi-psixoloji deyil, maddi yardıma da ehtiyacları var. 

Görüş müzakirələr və fikir mübadilələri ilə davam edib. Azərbaycandakı mina qurbanları, həyata keçirilmiş layihələr və qarşıda duran vəzifələr müzakirə olunub. 

Töhfə Səməd

tag: ANAMA, Azərbaycan,Layihə, Müzakirələr, Fazil Mustafa, Emin Əmrullayev, Ramil Əzizov,Asif Məcidov, todaypress.az,

photo
photo
photo
photo
photo