AZAL təyyarəsi Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub- İLKİN HESABAT
Sosial
04.02.2025 21:00
"Azərbaycan Hava Yolları” QSC-yə
məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında
qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il
Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin
tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı açıqlanıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən TodayPress-ə
verilən məlumata görə, 25 dekabr 2024-ci il tarixində Azərbaycan
Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243
reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə
(“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış
Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası
ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramışdır.
Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci
pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olmuşdur. İnsan tələfatı
və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək
peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş
və 29 nəfərin həyatını xilas etmək mümkün olmuşdur. Qazaxıstan Respublikasında
gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri
qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək
tibbi yardım göstərilmişdir.
Azərbaycan və Qazaxıstanın tərəfdar olduğu 1944-cü il
Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə əsasən, hadisənin baş verdiyi dövlət
kimi Qazaxıstan araşdırmaya başlamışdır. Bu araşdırmanın məqsədi uçuşların və
aviasiya təhlükəsizliyinin təmin edilməsi olub, təqsirli şəxslərin müəyyən
edilməsi ilə bağlı deyildir. Araşdırmanın nəticələri beynəlxalq aviasiya
normalarına uyğun olaraq qəzanın obyektiv səbəblərini müəyyənləşdirmək və
gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün BMAT və maraqlı tərəflərə
tövsiyələr verməkdir. Azərbaycan Respublikası hava gəmisinin istismarçısı,
habelə mülkiyyətçisi olan ölkə statusu ilə araşdırmada iştirak etmişdir.
Azərbaycan nümayəndələri araşdırmanın bütün
mərhələlərində, o cümlədən hadisə yerinə baxışın həyata keçirilməsi və
faktların qeydiyyatı məqsədilə foto və video görüntülərin təmin edilməsi, hava
gəmisinin qara qutularında (CVFDR avadanlıqlarında) olan məlumatların
Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması
Mərkəzində (CENIPA) oxunması prosesində iştirak etmişlər, əlavə məlumat və
sübutların toplanmasını da həyata keçirmişlər. Məlumat üçün bildiririk ki, CVR
(Cockpit Voice Recorder-kabina diktofonu) radio ötürmələrini və kabinadakı
səsləri, məsələn, pilotların səslərini və kənar səsləri yazır, FDR (Flight Data
Recorder-uçuş məlumatları qeydiyyatçısı) isə vaxt, hündürlük, uçuş sürəti, kurs
və təyyarənin mövqeyi kimi uçuş əməliyyatları ilə bağlı vacib parametrləri
izləməlidir. Embraer 190-100 IGW təyyarəsində hər iki funksiyanı birləşdirən
iki CVFDR cihazı mövcud olmuşdur.
BMAT tələblərinə əsasən, qəzanı araşdıran dövlət 30 gün
ərzində ilkin faktiki məlumatları əks etdirən hesabatı BMAT və maraqlı
tərəflərə təqdim etməlidir. Qazaxıstanda yaradılmış araşdırma komissiyası bu
hesabatın hazırlanmasına Azərbaycan nümayəndələrini də cəlb etmişdir.
2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına
qədər hər hansı texniki problem olmadan çalışmışlar. Bu məlumat (FDR vasitəsilə
təsdiq olunmuşdur.
3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o
cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS
siqnallarının itməsi halı ilə üzləşmişdir.
4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması
səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan
Bakıya qayıtmaq barəsində qərar vermişdir. Bu qərarın qəbul edilməsindən sonra
Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı
qeydiyyata alınmışdır.
5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində
müəyyən edilmişdir ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik
sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik
sistem funksionallığını itirməklə sıradan çıxmışdır.
6. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və
kor zədələrin olması faktı aşkar olunmuş və foto, habelə video qeydiyyata
alınmışdır. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində,
xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və
sol mühərrikdə aşkar olunmuşdur.
7. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin
kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim
edilmişdir. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər
hansı fakt barəsində məlumat təqdim edilməmişdir.
8. Hava gəmisi qalıqlarının kor zədələrində olan hava
gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülmüş və həmin kənar
obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim
edilmişdir. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin
müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi
planlaşdırılmışdır.
9. 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri
itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə
Qoznıya məlumat verir.
10. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva
edən hər hansı bir məlumat qeyd olunmamışdır.
Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto,
habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın
mətnində verilmişdir.
BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat
hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində
yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı
Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən
artıq işlər başlanılmışdır.
tag: Qazaxıstan, Təyyarə, Qəza, AZAL, Ölüm, todaypress.az,