Arkadi Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi
Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması,
soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər
çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının
vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David
İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan
cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 21-də davam
etdirilib.
TodayPress xəbər verir ki, Bakı Hərbi Məhkəməsində
hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən
ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında
təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin
müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri,
həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən
zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və digərlərini təqdim
edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və
vəzifələrini izah edib.
Məhkəmə prosesində təqsirləndirilən şəxslər 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımı, faciə zamanı
günahsız insanların məhz azərbaycanlı olduğuna görə məqsədli şəkildə məhv
edilmələri ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorların suallarına
suallarına cavab veriblər.
Təqsirləndirilən şəxs Arkadi Qukasyan Baş prokurorun
böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında Xocalıda törədilənlər
haqqında ilk dəfə 1992-ci ilin fevralında “rəsmi məlumatlar” verilməsi
nəticəsində məlumat aldığını bildirərək deyib: “O zaman faciənin miqyasını
bilmirdik. Biz bilirdik ki, Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı
var. Onlar da sonradan qarşı tərəfə təhvil verilmişdi”. O, dinc əhalinin
qətlini pislədiyini də vurğulayaraq qeyd edib: “Bu qəbuledilməzdir, müharibənin
qanlı səhifələrindən biridir”.
A.Qukasyan Xocalı soyqırımı zamanı qondarma rejimə
rəhbərliyi Artur Mkrtçyanın, hərbçilərə rəhbərliyi isə Ermənistan silahlı
qüvvələrində müxtəlif rəhbər vəzifələr tutmuş, “Komandos” ləqəbli Arkadi
Ter-Tadevosyanın etdiyini bildirib. Əlavə edib ki, həmin vaxt yeni formalaşan
“özünümüdafiə qüvvələri”nin rəhbəri Serj Sarkisyan idi. O, daha sonra deyib:
“Bütün müharibələrin əleyhinəyəm. Amma bu baş verirsə, müharibə qanunları
gözlənilməlidir”.
Təqsirləndirilən şəxs Bako Sahakyan Baş Prokurorluğun
Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun
suallarını cavablandırarkən Xocalı hadisələri ilə bağlı dərin və təfsilatlı
məlumata malik olmadığını iddia edib. O, məhkəmədə nümayiş olunan
videomateriallara və sənədlərə işarə edərək bildirib: “Bu qədər təfsilatlı
bilmirdim. Amma bu, mənim mövqeyimi dəyişmir. O vaxt da, indi də bu cür
hadisələri pisləyirəm”.
Təqsirləndirilən şəxs Xocalı soyqırımında keçmiş sovet
ordusunun 366-cı motoatıcı alayın iştirakı barədə eşitdiyini, sonradan
Ermənistanın müdafiə naziri olan Seyran Ohanyanın həmin alayda xidmət etdiyini
bildirib.
Təqsirləndirilən şəxs David İşxaynan dövlət ittihamçısı
Vüsal Abdullayevin suallarına cavabında Xocalı soyqırımı ilə bağlı görüntülərdə
yer alanların vəhşilik olduğunu deyib. O, hadisələr zamanı qondarma rejimdə
“deputat” olduğunu söyləyib.
Təqsirləndirilən şəxs David Babayan isə dövlət
ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən Xocalı soyqırımı və
Xocalının işğalı hadisələrinin iştirakçısı olmadığını bildirib. O deyib ki,
Xocalı hadisələri zamanı məsələni güc yolu ilə həll etmək istəyənlər
məqsədlərinə çatıblar. “Bu əməliyyatda müxtəlif qruplar iştirak edib”, - deyə o
vurğulayıb.
D.Babayan onu da deyib ki, hətta qondarma rejimdə
"Xocalının azad edilməsi uğrunda" medalı “təsis” olunub.
Zərərçəkmiş şəxslərin nümayəndəsinin “Əgər Ermənistanın
iddia etdiyi kimi, Xocalı soyqırımı zamanı dinc sakinlərin çıxmaları üçün
dəhliz var idisə, niyə onların getməsinə imkan verilməyib, Arkadi Quksayanın da
məhkəmədə dediyi kimi, yüzlərlə azərbaycanlı Xankəndiyə aparılıb” sualına isə
D.Babayan cavab verə bilməyib. Əvəzində, o, “Uşaqlara, dinc sakinlərə qarşı
edilənlərə necə bəraət vermək olar?! Bu barbarlıqdır” deyib.
Təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət
ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında Xocalı hadisələrini
Birinci Qarabağ müharibəsinin ən böyük faciəsi hesab etdiyini bildirib. O,
qondarma rejimdə Xocalı əməliyyat ilə bağlı müzakirələr olmadığını iddia edib
və deyib: “Məsələn, Şuşa əməliyyatı ilə bağlı bir neçə kitab yazılıb. Ona görə
də bilirik ki, orada kimlər iştirak edib, necə olub. Xocalı əməliyyatı ilə
bağlı isə müzakirələr aparılmayıb. O vaxtı başlıca hərbi rəhbər Arkadi
Ter-Tadevosyan idi. Yəqin ki, Xocalıda hərbi əməliyyatlar onun göstərişi və
razılığı ilə keçirilib”.
A.Harutyunyan deyib ki, istənilən halda bu, bağışlanmaz
bir faciə idi.
Daha sonra məhkəmədə “Memorial” İnsan Hüquqları
Mərkəzinin 1992-ci il fevralın 25-26-da Xocalı yaşayış məntəqəsinin işğalı
zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı hesabat sənədi
tədqiq edilib.
Təşkilatın hesabat sənədində bildirilir ki, erməni
hərbçiləri tərəfindən Xocalının işğal olunması ilə nəticələnən əməliyyat zamanı
əhalinin kütləvi qətlləri, insan haqlarının milli zəmində pozulması halları baş
verib.
“Xocalı Ermənistanın hərbçiləri tərəfindən zəbt
olunduqdan sonra orada qalan mülki əhali deportasiya edildi. Bu əməllər
mütəşəkkil formada həyata keçirildi”, - deyə sənəddə qeyd edilib.
Sənədə görə, deportasiya olunan əhalinin əksəriyyəti
Xankəndidə saxlanılıb ki, bu da qondarma rejim “hakimiyyət”inin bu barədə müvafiq
əmrinin olduğunun aşkar göstəricisidir.
Dinc əhalinin kütləvi şəkildə qırılmasına heç bir halda
haqq qazandırıla bilməz.
“Memorial” hüquq müdafiə mərkəzi təsdiq edir ki, Xocalıya
hücum zamanı Ermənistanın Qarabağdakı dinc əhaliyə qarşı hərəkətləri Cenevrə
konvensiyalarına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin müvafiq
maddələrinə kobud qaydada ziddir.
Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət
qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi
tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi
dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında
Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə,
Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen
Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori
Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz
və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan
dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi
üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri,
Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan
David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan
Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan
Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan
Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və
aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara
hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107
(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları
zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və
adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192
(qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə),
218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun
komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə,
başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya
təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu
zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu
(qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma)
və digər maddələri ilə ittiham olunurlar.
tag: Məhkəmə, Vardaryan,Ermənistan, Cinayət, todaypress.az,