AQTA heyvan kəsimi məntəqələri ilə bağlı sahibkarlara çağırış etdi

Sosial

11.02.2025 10:15

2877

Azərbaycan Respublikası Prezidentinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” müvafiq Sərəncamının icrası məqsədilə müasir tələblərə uyğun heyvan kəsimi məntəqələrinin yaradılması, baytarlıq-sanitariya normalarına cavab verməyən yerlərdə heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birgə tədbirlərini davam etdirir. 

TodayPress xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Məlumatda bildirilib ki, Agentlik fəaliyyətə başladığı dövrdə ölkə üzrə müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 15 olsa da, müvafiq qurumlarla birgə görülmüş işlər nəticəsində bu rəqəm hazırda 102-ə çatdırılıb:

“Təəssüflə qeyd etməliyik ki, hələ də ölkənin bəzi rayonlarında, o cümlədən İmişli, Beyləqan, Saatlı, Sabirabad və bir sıra digər rayonlarda qanuni heyvan kəsimi məntəqələrinin təşkili istiqamətində gecikmələr mövcuddur. Bu rayonlarda heyvandarlıq sahəsinin inkişaf etməsinə baxmayaraq, qanuni heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvan sağlamlığının izlənilməsi və biotəhlükəsizliyin təmin olunması istiqamətində maneələr yaradır” deyə qeyd edilib. 

Bununla bağlı Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarları həmin ərazilərdə qanunvericiliyə uyğun yerli heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir.

Həmçinin bildirilir ki, sahibkarlar heyvan kəsimi məntəqələri yaratmaq üçün rayon icra hakimiyyətlərinə, mütəxəssislər tərəfindən metodiki köməklik və baytarlıq-sanitariya normaları ilə bağlı məlumatlar əldə etmək üçün AQTA-nın regional bölmələrinə müraciət edə bilərlər.

tag: Azərbaycan,Kənd təsərrüfatı,Heyvan kəsimi,AQTA,Todaypress.az,