Anar Bağırov: “Bu sahədə hələ də görülməli çox iş var”

Sosial

10.10.2024 10:58

“Məişət zorakılığı ilə bağlı qanuna bir sıra dəyişiklik edilsə də, mediasiya ilə bağlı məsələ və konkret normanın cinayət məcəlləsinə daxil olması hələ də təşkil edilməyib”. 

TodayPress xəbər verir ki, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov Bakıda vəkillər və hakimlər üçün “Məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda keçirilən tədbirdə deyib. 

Onun sözlərinə görə, məişət zorakılığı təkcə bir ailəyə təsir göstərmir, o bütün cəmiyyətə sirayət edir.

Qurumlar arasındakı əməkdaşlıq bu məsələdə mühüm əhəmiyyət kəsb edir. Xarici təcrübə də göstərir ki, qarşılıqlı əlaqə məsələnin həllini daha da asanlaşdırır.

Belə ki, qurumların birgə işi nəticəsində həm preventiv, həm də müdafiə mexanizmlərini gücləndirərək cəmiyyətə töhfə verilə bilər. 

“Pulsuz hüquqi yardımın təmin olunması müsbət addımdır. Lakin onun miqdarı ilə bağlı hələ də görülməli çox iş var”. 

Qeyd edək ki, tədbir məişət zorakılığına dair dövlət orqanlarına edilən şikayətlərlə bağlı görülməli olan tədbirlər, məişət zorakılığından zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çıxışının təmin edilməsində hakimlərin, vəkillərin vəzifələri və rolu, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ və digər məsələləri əhatə edəcək. 

Töhfə Səməd

tag: Məişət zorakılığı,Cinayət,Anar Bağırov,Hüquq,Todaypress.az,