ANAMA: “Bu günədək 168 min hektar ərazi minalardan təmizlənib”

Sosial

24.10.2024 12:35

“Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə təxmini 168 min hektar minalardan təmizlənib. Həmin ərazilərdə 161 min mina aşkarlanıb”. 

TodayPress xəbər verir ki, bunu ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov “Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən dəyirmi masada deyib. 

Onun sözlərinə görə, məhv edilən minalardan təxminən 25 mini piyada əleyhinə minadır. 1991-ci ildən indiyə qədər 3400-dən çox insan mina qurbanı olub. Vətən müharibəsinin bitməsindən 2021-ci ilin sonuna qədər 77 mina hadisəsi baş verib. O müddətdən indiyə kimi isə maarifləndirmə nəticəsində hadisələrin sayı 60 faizə qədər azalıb. 

Qeyd edək ki, dəyirmi masada minalara qarşı fəaliyyəti həyata keçirən və mina qurbanlarına yardım edən Azərbaycan Respublikasının rəsmi qurumlarının nümayəndələri, o cümlədən ANAMA, Milli Məclis üzvləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  “YAŞAT” fondu, Ombudsman Aparatı, minadan zərərçəkənlər, QHT-lər və beynəlxalq ictimaiyyətin nümayəndələri iştirak və çıxış edirlər.

Töhfə Səməd

tag: ANAMA, Ramil Əzimov,Milli Məclis, QHT, Mina, todaypress.az,