Alimlərdən Quş qripi ilə bağlı xəbərdarlıq
ABŞ-nin Şimali Karolina Universiteti və Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri H5N1 quş qripi virusunun immun sistemindən yayınmaq qabiliyyətini araşdırıblar. Kompüter modelləşdirilməsi göstərib ki, virus məməlilərin immun müdafiəsindən qaça biləcək şəkildə sürətlə mutasiyaya uğrayır.
TodayPress xəbər verir ki, araşdırma zamanı virus zülallarının orqanizmin anticisimləri ilə 1804 qarşılıqlı əlaqəsi təhlil edilib.
Alimlər virusun yeni ştammlarına qarşı anticisimlərin effektivliyinin getdikcə azaldığını aşkarlayıblar.
Bu da yaxın gələcəkdə immun sisteminin virusu tanıyıb məhv etməsini çətinləşdirəcək.
Belə sürətli adaptasiya həm də mövcud vaksinlərin effektivliyini ciddi şəkildə aşağı salacaq.
Alimlər hesab edir ki, quşlardan məməlilərə virusun davamlı keçməsi və immun sistemdən qaça bilən yeni ştammların çoxalması zoonoz riskini artırır və pandemiya təhlükəsi yarada bilər. Hazırda virus artıq vəhşi quş populyasiyalarında geniş yayılıb, ev quşları arasında ciddi xəstəlik hallarına səbəb olub.
Eyni zamanda virusun iribuynuzlu heyvanlarda və hətta ferma işçilərində yoluxma halları qeydə alınıb. Mütəxəssislər sürətli mutasiyaya görə effektiv yeni vaksinlərin təcili hazırlanmasının vacibliyini vurğulayırlar.
Onların fikrincə, H5N1-in davamlı mutasiyası virusun insandan insana keçmə qabiliyyəti əldə etməsinə və nəticədə pandemiyaya səbəb ola bilər.
Qeyd edək ki, araşdırmanın nəticələri nüfuzlu “The Lancet” nəşriyyatına aid olan “eBioMedicine” jurnalında dərc olunub.
Qiymət Mahir
tag: Alimlər,Quş qripi,Sağlamlıq,Xəbərdarlıq,Todaypress.az,