"Ailədaxili şiddət və onun fəsadları" - Rəsmilər aktual məsələni müzakirə etdilər
Sosial
03.06.2024 21:58
Nəsimi rayon İcra Hakimiyyətində "Ailədaxili şiddət və onun fəsadları" adlı tədbir keçirilib.
TodayPress xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycandakı ailə dəyərlərindən söz açıb. O, tarixi xidmətlərinə görə bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyevin siyasi aləmdəki uğurlarının arxasında hər zaman ailəsinin dayandığını xatırladıb. Prezident İlham Əliyevin də Ümummilli liderin bu tarixi missiyasını davam etdirərək Azərbaycanda ailə ənənlərinin qorunub saxlanmasına xüsusi diqqət ayırdığını vurğulayıb.
İcra başçısının sözlərinə görə, gənclər arasında ailə dəyərlərinin təbliği, ailə institutunun inkişaf etdirilməsi, erkən nigahların və məişət zorakılığının qarşısını alması həlli vacib məsələlərdəndir. Asif Əsgərovun fikrincə ölkə telekanallarında məişət zorakılığı, qadına və uşaqlara qarşı şiddətlə bağlı maarifləndirici sosial çarxların, verilişlərin yayımlanmasına böyük ehtiyac var.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanın ailə modelinin hər zaman dünyaya nümunəvi şəkildə nümayiş olunduğunu qeyd edib. O, ölkəmizdəki selektiv abortlarla bağlı vəziyyətin açınacaqlı həddə çatdığını bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda ailə institutunun möhkəmləndirilməsinin vacibliyindən və qızların erkən yaşda nikaha cəlb edilməsindən söz açıb.
Tədbirin sonunda mövzu ilə bağlı gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Nəsimi rayon İcra Hakimiyyətində keçirlən "Ailədaxili şiddət və onun fəsadları" adlı tədbirdə hüquq mühafizə orqanlarının məsul əməkdaşları, rayon Ağsaqqallar Şurasının, səhiyyə, QHT-lərin nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.
Günəş Mərd
tag: Məişər Zorakılığı,Erkən Nigahlar,Ailə Ənənələri,Hicran Hüseynova,todaypress.az,